Rusiyanın ən qanlı cinayətkar dəstələrindən birinin lideri Orenburq istintaq təcridxanasında özünü öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Rusiyanın ən qəddar cinayətkar dəstələrindən biri olan “Orenburq killerləri”nin lideri Aleksey Xudayev saxlanıldığı istintaq təcridxanasında intihar edib.
O, ən azı yeddi iri sahibkarın və bir uşağın qətlində birbaşa iştirakda ittiham olunurdu.
Aleksey Xudayev 2025-ci ilin dekabrında Moskvada saxlanılmışdı. Ona qarşı mütəşəkkil cinayətkar dəstənin təşkili və sifarişli qətllərdə iştirak ittihamları irəli sürülmüşdü.
Onun dəstə üzvləri — Viktor Belkin, Aleksandr Orşlet, Nikita İqnatov və Viktor Bertxolts artıq müxtəlif müddətli həbs, o cümlədən ömürlük azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmişdilər.
“Orenburq killerləri” 2010-cu illərin ən qəddar dəstələrindən biri kimi tanınırdı. Onlar biznesmenləri və onların ailə üzvlərini qətlə yetirirdilər.
Qruplaşmanın ən səs-küylü cinayətləri arasında sahibkar Denis Çernov və onun 7 yaşlı oğlu, “Qazpromtrans”ın filial direktoru Andrey Baxarev və onun ailə üzvləri, həmçinin biznesmen Viktor Veselovun qətli yer alırdı.
Mayın sonlarında Federal Penitensiar Xidmət (FSİN) əməkdaşları Xudayevin cəsədini kamerasında aşkar ediblər. Onun intihar etdiyi müəyyən olunub.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir, təcridxanada nəzarət rejimi yoxlanılır.
Xuraman Etibarlı
İnterpress.az






