Mehriban Əliyeva: Əminəm ki, heyran qalacaqsınız…backend

Mehriban Əliyeva: Əminəm ki, heyran qalacaqsınız…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iclasda iştirak edib.

Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyası “Bakı-2015” I Avropa Oyunlarına hazırlığı yüksək qiymətləndirib. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının iclasının əhəmiyyətini vurğulayıb. O, Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi məqsədilə burada güclü və peşəkarlardan ibarət komandanın çalışdığını diqqətə çatdırıb.

İclasda “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış edərək deyib: \”Cənab prezident, təşəkkür edirəm. Sizin dəyərli fikirlərinizi eşitməyə çox şadam. Mən bütün qonaqlarımızı salamlamaq istərdim.

Avropa Olimpiya Komitəsinin prezidenti cənab Patrik Hikki, Əlaqələndirmə Komissiyasının sədri cənab Spiros Kapralos və komissiyanın dəyərli üzvlərini yenidən Azərbaycanda salamlamaqdan məmnunam. Çox şadam ki, sizinlə birgə “Bakı-2015” Avropa Oyunları Əlaqələndirmə Komissiyasının beşinci və sonuncu iclasını açırıq.
Siz 2012-ci ilin dekabrında Bakını I Avropa Oyunlarına ev sahibliyi etmək üçün seçəndən ölkəmiz Avropanın qürur duyacağı yüksək səviyyəli beynəlxalq tədbiri təşkil etməklə məşğul olub\”.

Mehriban Əliyeva deyib ki, bu oyunlar Avropa idmanında tarixi hadisə olacaq. Azərbaycan üçün bu, ölkəmiz, ənənələrimiz, mədəniyyətimiz və tarixi köklərimizi daha çox tanıtmaq üçün yaxşı imkandır: \”Biz ilk oyunların keçirilməsinin şərəfli və məsuliyyətli iş olduğunu qəbul edirik. Siz bu gün və sabah bizə olan etimadınızın əbəs olmadığını görəcəksiniz. Baxmayaraq ki, qarşıdakı bir neçə ay ərzində planlarımıza son ştrixləri vurmalıyıq, ümidvaram ki, biz hamımız indiyədək əldə olunan əhəmiyyətli nailiyyətlərlə fəxr edə bilərik.

Mən bizim həyata keçirdiyimiz planların bəzi əsas təfərrüatları barədə məlumat vermək istərdim. Bildiyiniz kimi, bir çox məkanlarımız hazırdır və oyunlar üçün sınaqdan keçirilir. Sınaq bu yay idmançıların yüksək səviyyədə çıxış etmələrinə imkan yaratmaq üçün hər bir detalın hazır olacağını təmin etmək məqsədilə təşkil olunur. İyunda oyunların açılışı olanadək 35 sınaq tədbiri və sınaq yarışması keçiriləcək. Gimnastika, boks və güləş üzrə növbəti sınaq tədbirlərimiz mart və aprel aylarında baş tutacaq.

Fevralın sonunadək biz bütün məkanların daimi bazasının tikintisini başa çatdırmaq niyyətindəyik. Bu, bizə aprel ayında lazımi quraşdırma işləri aparmaq üçün kifayət qədər vaxt verəcək. Müqavilələrimizin 84 faizinin gecə-gündüz bizim komandamızla birgə çalışan Azərbaycan şirkətləri ilə bağlanması müsbət haldır. Əminəm ki, bu gün məkanlara baş çəkərkən siz heyran qalacaqsınız. Bizim dünya standartlarına cavab verən atletlər kəndi 7300 çarpayısı olan 1000-dən artıq mənzildən ibarətdir\”.
Mehriban Əliyeva bildirdi ki, I Avropa Oyunlarını 600-dən artıq beynəlxalq və yerli media nümayəndəsi işıqlandıracaq: \”İyunun 10-da beynəlxalq mətbuat nümayəndələri üçün tədbir təşkil ediləcək. Bu tədbiri 100-dən artıq ölkəyə yaymaq üçün 43 şirkətə yayım hüququ verilib və beləliklə də oyunları Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika və Avstraliyada izləyə biləcəklər. Bundan başqa, könüllülərdən indiyədək 16 mindən artıq müraciət daxil olub\”.

İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri hökumətin mövcud nəqliyyat infrastrukturuna böyük məbləğdə investisiya yatırdığını da diqqətə çatdırıb.
“Mən qürur duyuram ki, hazırda Bakı Avropa Oyunları Əməliyyat Komitəsində 950 gənc çalışır. Bu, oyunların ən dəyərli miraslarından biridir və əminəm ki, bu, onların gələcək həyatı üçün böyük təcrübə imkanıdır” – deyən Mehriban Əliyeva onu da bildirib ki, açılış mərasimində unudulmaz şou keçiriləcək.

Təşkilat Komitəsinin sədri deyib ki, bundan başqa, hər gün üçün xüsusi mədəni tədbirlər proqramı hazırlanıb, bağlanış mərasimi də yaddaqalan olacaq.
Mehriban Əliyeva idmanın və olimpiya hərəkatının dəstəklənməsinin Azərbaycanın əsas prioritetlərindən biri olduğunu vurğulayaraq idmançılarımızın nailiyyətlərini qeyd edib.

Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri bildirib ki, bu oyunlar bütün iştirakçıları birləşdirəcək və yeni idman ənənəsi üçün güclü təməl yaradacaq.

Avropa Oyunları Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos komitənin son aylarda əldə etdiyi yenilikləri yüksək qiymətləndirib. O bildirib ki, Avropa Oyunları tarixi əhəmiyyətə malikdir. Spiros Kapralos ölkəmizdə yaradılan idman infrastrukturunu yüksək qiymətləndirib və mötəbər yarışa hazırlıqdan məmnunluğunu ifadə etdi. Qonaq vurğulayıb ki, Bakıda iki gün ərzində aparılan müzakirələr nəticəsində mühüm qərarlar qəbul olunacaq.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov isə bildirib ki, I Avropa Oyunlarında əsas diqqət mərkəzində atletlər olacaq. “Bakı-2015” oyunlarında uğur qazanan iştirakçılara xüsusi dizaynla hazırlanmış medalların təqdim olunacağını vurğulayan nazir deyib: “Bildiyiniz kimi, Təşkilat Komitəsi oyunları təkbaşına təşkil etmir. Bizim 7 rəsmi tərəfdaşımız var. Oyunların yayımı ilə bağlı Avropa və dünyanın digər ölkələrindən olan şirkətlərlə müqavilələr imzalayırıq. Beynəlxalq medianın oyunlara olan marağı getdikcə artır. Biz yeni veb-saytımızı təqdim edəcəyik.

Bizim könüllülər və səfirlərlə bağlı proqramlarımız davam etdirilir. Bu yaxınlarda biz Avropa Oyunlarının ulduz elçilərini elan etmişik. Onlar bizə oyunları ölkədə və xaricdə təbliğ etməyə kömək edəcəklər”.
Azad Rəhimov bildirib ki, 127 gündən sonra Avropa idman tarixində yeni bir mərhələ başlayacaq.

“Bakı-2015”-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qeyd edib ki, hazırda işlər gərgin qrafik üzrə davam edir. Bu işlərdə beynəlxalq mütəxəssislərlə yanaşı yerli peşəkarlar da iştirak edirlər.

Tədbirdə “Bakı-2015”ə hazırlıq ilə bağlı videoçarx nümayiş olunub.

İnterpress.az