Astara rayonunda üç gün əvvəl baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyada ölüb.
İnterpress.az-ın məlumatına görə, qəza hadisəsi avqustun 5-də şəhərin Qum küçəsində baş verib.
1942-ci il təvəllüdlü şəhər sakini yol ayrıcında olduğu zaman halı pisləşib, yıxılmamaq üçün işıqforda dayanan avtomobilin arxa tərəfinə söykənib.
Avtomobil hərəkət edən zaman isə yerə yıxılıb və zədə alıb.
Yaxınları tərəfindən xəstəxanaya gətirilən 81 yaşlı kişi bir gün müalicə aldıqdan sonra evə aparılıb.
O, bu gün evində dünyasını dəyişib.
Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.