ABŞ-da “Green Card” lotereyasının DV-2027 mərhələsi yenidən təxirə salınıb.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-nin Doqquzuncu Dairə Apellyasiya Məhkəməsinin qərarında bildirilir.
ABŞ-də DV-2027 “Green Card” lotereyasının qeydiyyatının noyabrın 1-də başlanmasını nəzərdə tutan məhkəmə qərarının icrası dayandırılıb.
Donald Tramp administrasiyasının şikayətindən sonra apellyasiya məhkəməsi hökumətin müraciətini təmin edərək əvvəlki qərarın qüvvəsini müvəqqəti dayandırıb.
Bundan əvvəl Kaliforniyadakı federal məhkəmə Dövlət Departamentinə lotereya üçün qeydiyyatı noyabrın 1-dək açmağı tapşırmışdı. Lakin apellyasiya instansiyasının oktyabrın 29-da qəbul etdiyi qərar bu öhdəliyin icrasını dayandırıb.
DV-2027 üzrə qeydiyyat 2025-ci ildən bəri açılmayıb. Dövlət Departamenti həmin vaxt proqramın qeydiyyat prosesində dəyişikliklər aparıldığını bildirmişdi.
Qeydiyyatın bərpası üçün hazırda yeni tarix açıqlanmayıb.
Qeyd edək ki, ABŞ-də müxtəliflik vizalarının verilməsinin təhlükəsizlik yoxlamalarının yenidən nəzərdən keçirilməsi məqsədilə dayandırılması ayrıca qərardır və DV-2027 qeydiyyatının açılmaması ilə eyni proses deyil.
Xuraman Etibarlı
İnterpress.az






