200 illik tariximizə Qələbə möhürü vuran 20 ilbackend

200 illik tariximizə Qələbə möhürü vuran 20 il

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 
2003-cü il 15 oktyabr birmənalı şəkildə nəinki müstəqil Azərbaycanın, bütövlükdə son 200 illik tariximizə yeni mərhələnin başlanğıcı kimi yazılacaq. Həmin gün xalqımız president seçkilərində doğru və müdrik seçim edərək Azərbaycan Respublikasının Prezidenti kimi ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun layiqli davamçısı olan İlham Əliyevə səs verdi. O gündən bizi 20 il ayırır.

Tarix üçün çox qısa bir zaman kəsiyi olan bu 20 il əslində 200 ildir davam edəm məğlubiyyət və faciə ardıcıllığına nöqtə qoyaraq qələbə, qürur və sevinc səlnaməsini yazdı. Öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallığı budur: Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bir xalq olaraq qürurla yaşadığımız bu tarixin altında isə tək bir imza var: MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN, PREZİDENT İLHAM ƏLİYEV!

Dünya reallığı qüdrətli və böyük dövlətlərin liderlərinin daha çox nüfuza malik olduğunu həmişə göstərib. Kiçik dövlətlərin liderləri çox nadir hallarda dünya səviyyəsində tanınan, nüfuza malik olan şəxsiyyət olur. Belə azsaylı istisnalardan biri də Azərbaycan Prezidenti İlham Əliyevdir. İlham Əliyev öz fəaliyyəti ilə göstərdi ki, dövlətin kiçik və ya böyük olmasının onun liderinin beynəlxalq aləmdə nüfuz və hörmət sahibi olmasına o qədər də təsir göstərmir.

Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Xalqın lideri ilk növbədə insanları ümumi ideya, prinsip, məqsəd ətrafında birləşdirməyi bacarmalıdır. Heydər Əliyevin yetkin bir məfkurə kimi xalqımıza təqdim etdiyi azərbaycançılıq ideologiyasının əsasını təşkil edən dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq prinsipləri bu gün milli birliyin əsas təminatçısı kimi çıxış edir.

Bu prinsiplərə sadiqliyini qoruyub saxlayan Prezident İlham Əliyev isə öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu isbatlayıb.
Liderin gücü, nüfuzu həm də onun təsir imkanlarının coğrafi əhatə dairəsi ilə ölçülür. Güclü siyasi liderin fəaliyyətinin təsir dairəsi bir ölkə ilə məhdudlaşmır, bütövlükdə regional, hətta qlobal əhəmiyyət daşıya bilir. Bu baxımdan, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət regionda gedən siyasi, iqtisadi proseslərin axarına həlledici təsir göstərir.

Məhz dövlət başçısının liderlik keyfiyyətləri əsasında bu gün Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb, fəal aktorlardan birinə çevrilib. Azərbaycan Avropa ilə Asiya qitələrini siyasi, iqtisadi, mədəni nöqteyi-nəzərdən birləşdirən regional güc mərkəzidir.

Azərbaycanın lideri, Prezident İlham Əliyev ölkəni lider dövlətlər sırasına yüksəldib.
Tariximizin son 20 ili bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakterizə olunur. Dövlətimizin başçısı tərəfindən “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir. Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir.

Bu xüsusda xalq-hakimiyyət birliyi istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amildir. Bu birlik təsadüfən, öz-özünə formalaşmır. Onun üçün əsas şərt xalqını arxasınca aparmağı bacaran güclü və görkəmli ider amilinin olmasıdır. Elə bir lider ki, müstəqil siyasət aparmaq iqtidarında olsun. Elə bir lider ki, xalqı və dövlətinin milli maraqlarını bütün mənafelərin fövqünə yüksəltsin. Elə bir lider ki, sözü və əməli üst-üstə düşsün. Belə liderləri tarixə bəxş edən xalqlar və dövlətlər böyük, əzəmətli və bəxtəvərdir. Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış liderlər isə xoşbəxtdir. Məsələyə bu kontekstdə yanaşdıqda, böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir.
Cənab İlham Əliyev xalqımızın mümkünsüzü mümkünə çevirən Qəhrəmanı, düşməndən qisasımızı alan qüdrətli sərkərdəsidir.

Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələr, uğurlu döyüş əməliyyatları, qazanılmış qələbələr ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin tam bərpa olunmasını təmin edib.
Xalqının qürur mənbəyinə çevrilmiş Prezident İlham Əliyevin müəllifi olduğu dayanıqlı inkişaf siyasətinin təntənəsi təkcə Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində deyil, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. Bu gün müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir.

Azərbaycanın Zəfər savaşında Qələbəsi yalnız ərazi bütövlüyümüzün təmin olunması deyildi, bu həm də Cənubi Qafqazda sabitlik və inkişafın təməl prinsipinə çevrildi. Bu anlamda regionumuzun yeni siyasi reallığının müəllifi kimi prezident İlham Əliyev müasir dünya düzənində yaradıcı lider kimi qəbul olunur. Bu lider həm də ümummilli liderin layiqli varisi kimi “Bir millət, iki dövlət” şüarını Asiyadan Uzaq Şərqədək böyük bir arealı əhatə edən Türk zolağını yeni dünya gücünə çevirləsinin önündə duran milli rəhbərdir.

İlham Əliyevin ölkəmiz, xalqımız qarısında həyata keçirdiyi işlərin sadəcə adlarını belə bir kiçik yazıya sığışdırmaq olmaz. Məqsədimiz hamısını burda sadalamaq da deyil. Ən böyük qiyməti ona həmişə Azərbaycan xalqı verib – özünə dövlət başçısı seçməklə və onun siyasətinə inandığını göstərməklə. Onu təkcə prezident kimi deyil, milli lider və sərkərdə kimi qəbul etməklə. Onun arxasında vahid bir yumruq kimi birləşməklə. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət Azərbaycanı xoş gələcəyə aparır. Bunu görməmək, qiymətləndirməmək və buna sevinməmək mümkün deyil. Bunun üçün sadəcə, azərbaycanlı olmaq yetər…

Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin sədri
Tənzilə Rüstəmxanlı
İnterpress.az