İsveçdə “İZ” sənədli filminin təqdimatı olubbackend

İsveçdə “İZ” sənədli filminin təqdimatı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçdə “İZ” sənədli filminin təqdimatı olub.

İnterpress.az xəbər verir ki, Stokholm şəhərində İsveçdə fəaliyyət göstərən Beynəlxalq Media Mərkəzi (İnternational Media Group Sweden) və SAF Azərbaycan Cəmiyyətlərinin təşkilatçılığı ilə “İZ- Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” adlı sənədli filmin təqdimatı keçirilib. Tədbirdə Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov da iştirak edib.

Səfirlikdən Xeberlent.az – yə bildirilib ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açılıb, daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə səfir Zaur Əhmədov azərbaycanlıların zaman-zaman öz ata-baba yurdlarından deportasiya edilməsindən danışıb: “Təəssüflər olsun ki, dünyanın bir çox ölkələri bu həqiqətləri görməzdən gəlirlər. Bizim vəzifəmiz belə sənət əsərlərinin dili ilə geniş tamaşaçı kütləsinə həqiqətləri çatdırmaqdır”.

Digər çıxış edən natiqlər vurğulayıblar ki, belə tədbirlərin çox olması xalqımızı daha da birləşdirir və geniş auditoriyaya sözümüzü deməyə imkan yaradır.

Çıxışlardan sonra filmin təqdimatı böyük coşqu ilə qarşılandı.

“İZ- Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” sənədli filmi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əlil Qadınlar Cəmiyyəti”nin layihəsi əsasında hazırlanıb. Filmdə qədim Azərbaycan torpaqları olan Qərbi Azərbaycanda mövcud olan tarixi abidələr, qalalar, qəsrlər, saraylar, türbələr, məscidlər, körpülər və digər abidələrin ermənilər tərəfindən mərhələli şəkildə məhv edilməsi, ötən əsrdə 4 dəfə (1905-1907, 1918- 1920, 1948-1953, 1988-1991) erməni millətçilərinin və sovet imperiyasının təzyiqi altında dədə-baba torpaqlarını tərk etməyə məcbur qalmış azərbaycanlıların məşəqqətli həyat tarixçəsi öz əksini tapıb. Həmçinin azərbaycanlılara məxsus yer adlarının məqsədli şəkildə dəyişdirilməsi, mədəni irsə qarşı ermənilərin məqsədyönlü siyasəti, Qərbi azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və deportasiya cinayətləri fakt və dəlillər əsasında göstərilib.

Filmdə əsasən Qərbi Azərbaycandan olan elm adamlarının, şair və yazıçıların, ziyalıların fikirləri yer alıb. Filmin əsas məqsədi, Qərbi Azərbaycanla bağlı beynəlxalq ictimaiyyətdə obyektiv təsəvvür formalaşdırmaq, əslən Qərbi Azərbaycandan olan soydaşlarımızı böyük qayıdışa hazırlamaqdan ibarətdir.

Sənədli filmin layihə rəhbəri “Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Qaramanlı, ssenari müəllifi- tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Vasif Məmmədzadədir.