Almaniyada “Sol Partiya” partiyanın parlament qrupunu buraxmaq qərarına gəlibbackend

Almaniyada “Sol Partiya” partiyanın parlament qrupunu buraxmaq qərarına gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada Sol Partiya 10 deputatın partiyadan istefa verməsindən sonra parlament qrupunu buraxacağını açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ölkənin ifrat solçu siyasətçilərindən Sahra Vaqenknext də daxil olmaqla 10 millət vəkilinin istefası ilə Sol Partiya parlamentdə qrup yaratmaq üçün yetərli sayda deputatını itirib.

İstefaların ardınca parlament qrupu üçün lazım olan 37 deputat kvorumundan aşağı düşən Sol Partiya dekabrın 6-da qrupunun fəaliyyətini dayandıracağını açıqlayıb.

Sol Partiyanın 38 olan deputatlarının sayı istefalardan sonra 28-ə düşüb.

Partiya Parlament Qrupunun sədri Dietmar Bartsch məsələ ilə bağlı açıqlamasında deyib ki, 38 millət vəkili ilə fikir ayrılığı yaşamaqdansa, 28 millət vəkili ilə bir yerdə olmaq daha yaxşıdır.

Bu vəziyyətin partiya üçün yeni bir başlanğıc olacağını ifadə edən Bartş bildirib ki, davam edən fikir ayrılıqlarına son qoyulmalıdır.

Digər tərəfdən qrupun dayandırılması ilə 100 nəfərin işsiz qalacağı bildirilir.

Vaqenknext partiyadan istefa verdikdən sonra yeni partiya quracağını açıqlayıb.

Bildirilib ki, uzun müddətdir Sol Partiya rəhbərliyi ilə fikir ayrılığı olan Vaqenknext və onunla hərəkət edən şəxslər təşkilati fəaliyyətlərini başa vurduqdan sonra yanvar ayında partiyanı faktiki olaraq yaradacaq və keçiriləcək Avropa Parlamenti seçkilərində iştirak etməyi hədəfləyəcəklər.

2021-ci il seçkilərində cəmi 4,9 faiz səs toplayan partiyanın parlamentdəki bütün yerlərini itirmək riski var idi.