Filippinin cənubundakı Burias bölgəsində baş verən 6,7 bal gücündə zəlzələdə 1 nəfər ölüb, 18 nəfər yaralanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. ABŞ Geoloji Xidməti (USGS) yerli vaxtla saat 08.14-də Buriasın cənub-qərbində 6,7 bal gücündə zəlzələnin hiss edildiyini açıqlayıb.
USGS, 78 kilometr dərinlikdə qeydə alınan zəlzələnin episentrinin Buriasdan 26 kilometr cənub-qərbdə olduğunu bildirib.
South China Morning Post (SCMP) xəbər verir ki, zəlzələ nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.
Zəlzələ nəticəsində bölgədə bəzi binalara ziyan dəyib, elektrik enerjisi qismən kəsilib.
Filippin Vulkanologiya və Seysmologiya İnstitutu (Phivolcs) sunaminin gözlənilmədiyini qeyd edib.
Dünyada ən çox seysmik hərəkətlərə malik ölkələrdən biri olan Filippin “Alov halqası” kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.