İtaliyanın ən təhlükəli cinayət təşkilatlarından biri olan “Ndrangheta”ya qarşı əsas mafiya işi bugünkü məhkəmə iclasında 200-ə yaxın adamın məhkum edilməsi ilə nəticələnib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Təqsirləndirilən şəxslərə ümumilikdə 2200 ildən çox həbs cəzası verilib.
Məhkəmənin qərarı ölkənin cənubunda yerləşən Kalabriya bölgəsində yerləşən “Ndrangheta” mütəşəkkil cinayət təşkilatına qarşı son 30 ilin ən böyük mafiya məhkəməsində açıqlanıb.
İlk iclası 2021-ci ilin yanvarında Lamezia Terme şəhərində xüsusi tikilmiş məhkəmə zalında keçirilən və ictimaiyyət arasında “Rinascita Scott” kimi tanınan işdə siyasət, dövlət kimi sahələrdən yüksək səviyyəli şəxslərin əlaqələri və Ndrangheta kimi mütəşəkkil cinayət dünyasının ən təhlükəli mafiyası ilə iqtisadiyyatı araşdırılıb.
İtaliya mətbuatında yer alan xəbərə görə, 338 müttəhimin mühakimə olunduğu və 2 il 10 ay davam edən böyük mafiya davasında hökmün açıqlanması 1 saat 40 dəqiqə çəkib.
Təqsirləndirilənlərdən 207-si mühakimə edilərkən, müttəhimlərə verilən ümumi həbs cəzalarının 2200 ildən çox olduğu bildirilib. Qeyd olunub ki, siyasi və təhlükəsizlik bürokratiyası tərəfindən cəzalandırılan şəxslər, bir qayda olaraq, cinayət təşkilatının fəaliyyətinə şərait yaratmaq və onlara kömək etmək kimi rollara görə məhkum ediliblər.