Avropa İttifaqı “Rabobank”ı istiqraz ticarətində karteldə iştirak etdiyinə görə 26,6 milyon avro cərimələyib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Avropa İttifaqı (Aİ) Komissiyası Deutsche Bank və Hollandiya mərkəzli Rabobankın avro ilə istiqraz ticarətində kartel qurduğunun müəyyən edildiyini açıqlayıb.
Rabobankın avro ilə müəyyən istiqrazların alqı-satqısı ilə bağlı kartelə qatıldığı üçün 26,6 milyon avro cərimə olunduğuna diqqət çəkilib.
Açıqlamada Deutsche Bank-ın da karteldə iştirakının aşkar edildiyi vurğulanıb və Deutsche Bank-ın karteli Komissiyaya açıqlamasına görə 156 milyon avroluq cəzadan azad edildiyi bildirilib.
Açıqlamada qeyd edilib ki, araşdırma 2006-2016-cı illər arasında iki bankın bəzi treyderlər vasitəsilə kommersiya baxımından həssas məlumatları paylaşıb, ticarət və qiymət strategiyalarını koordinasiya edib.
Aİ sözügedən bankların öz aralarında kartel yaradıb-yaratmadığını müəyyən etmək üçün araşdırma aparırdı.
Aİ Komissiyası Aİ ölkələrində fəaliyyət göstərən şirkətlərin sektorlarında rəqabətə zidd vəziyyətin olub-olmamasını yoxlamaq səlahiyyətinə malikdir.
Aİ Komissiyası rəqabət və ya antiinhisar qanunlarını pozan bir vəziyyət aşkar edərsə, bu araşdırmaya son qoyur və şirkətlərə yüksək cərimələr tətbiq edir.