Avstraliyanın Qərbi Avstraliya əyalətinin qərbində davam edən meşə yanğınları nəticəsində onlarla ev yanıb, çoxlu insan təxliyə edilib. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. ABC News-un məlumatına görə, ştatın paytaxtı Pertdə 40 dərəcəyə yaxın temperatur və külək yanğına nəzarəti gücləndirir.
Perthdə yanğınların söndürülməsi üçün işlər davam edərkən, bölgənin şimalında çoxlu ev və mülk yanıb, çox sayda insan təxliyə edilib.
Qərbi Avstraliyanın yanğın və fövqəladə hallar üzrə komissarı Darren Klemm yanğınların heç bir can itkisinə səbəb olmadığını, bəzi insanların tüstüdən təsirləndiyini, bir neçə nəfərin isə yüngül yanıqlar aldığını bildirib.
Qərbi Avstraliya əyalətinin baş nazirinin müavini Rita Saffioti, elektrik dirəklərinin zədələnməsi nəticəsində bölgədə ən azı 544 evin elektrik enerjisi ala bilmədiyini, ən azı 130 nəfərin isə müvəqqəti sığınacaqlara köçürüldüyünü açıqlayıb.
Yanğının nəzarət altına alınması bir neçə gün çəkə bilər
Ştatın fövqəladə halların idarə edilməsi naziri Stiven Dauson da bölgədə yanğınsöndürmə işlərinə 150-dən çox yanğınsöndürən personalın qatıldığını bildirib və yanğının nəzarət altına alınmasının bir neçə gün çəkə biləcəyinə diqqət çəkib.
Fövqəladə Hallar Naziri Murray Watt da COVID-19 epidemiyası zamanı yaradılan 500 çarpayılıq Bullsbrook karantin mərkəzinin yanğın səbəbindən təxliyə edilənlər üçün hazırlandığı barədə məlumat paylaşıb.
Digər tərəfdən Çində olan və şənbə günü dönməsi gözlənilən Qərbi Avstraliyanın baş naziri Rocer Kukun səfərini yarımçıq qoyaraq ölkəyə gələcəyi açıqlanıb.
Pertin şimal-şərqində şam ağacları olan ərazidə dünən başlayan yanğının səbəbləri ilə bağlı araşdırmalar davam edir.