İşğal altındakı Şərqi Qüdsdə Məscidül-Əqsa ətrafında məhdudiyyətləri davam etdirən İsrail polisi ötən həftələrdə olduğu kimi bu həftə də Əqsada cümə namazı qılmaq istəyən fələstinlilərin qarşısını alıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İsrail qüvvələri Məscidül-Əqsanın yerləşdiyi Qüdsün Köhnə Şəhər küçələrini dəmir baryerlərlə bağlayaraq səhər saatlarından etibarən fələstinli gənclərin, hətta bəzən yaşlı fələstinlilərin də əl-Əqsaya daxil olmasına icazə verməyib.
Normalda cümə günləri 100-150 min adamın növbəyə düzüldüyü Məscidül-Əqsada İsrailin maneə törətməsi səbəbindən oktyabrın 7-dən bu yana son 6 həftədə olduğu kimi bu həftə də cəmi 5 minə yaxın insan namaz qıla bilib.
İsrail qüvvələri vaxtaşırı müdaxilə edərək, Məscidül-Əqsaya daxil olmaq istəyən fələstinli gənclərə kobudluq edib.
Cümə namazı üçün Əqsaya buraxılmayan fələstinlilər namazlarını Məscidül-Əqsa ətrafında qılıblar.
Yüzlərlə fələstinli Əl-Əqsa məscidinə baxan Ra əl-Amud rayonunda məscidin ətrafında və səkilərdə növbəyə düzülüb.
İsrail qüvvələri Məscidül-Əqsa yaxınlığındakı Vadi əl-Cəuz məhəlləsində namaz qılmaq istəyən fələstinli gənclərə TOMA-lardan gələn üfunətli su ilə yanaşı gözyaşardıcı qazla müdaxilə edib.
TOMA-dan səpilən çirkab sular Məscidül-Əqsa ətrafındakı küçələrdə qalıcı pis qoxu yaradıb.