Güclü qar yağması, yolların buz bağlaması və qar uçqunu təhlükəsi səbəbindən Gürcüstandan Rusiyaya gedən və hərbi yol kimi tanınan Kazbek-Yuxarı Lars avtomobil magistralı yük, qoşqulu və yarım qoşqulu avtomobillər üçün bağlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, Mtsxeta-Stepantsminda–Lars magistralının Kobi-Qudauri hissəsi qoşqulu və yarım qoşqulu avtomobillər üçün bağlanıb.
Digər yüngül və minik avtomobilləri yol polisinin nəzarəti altında hərəkət edə bilirlər. Dağ yamaclarında qar uçqunu ehtimalı olduğu üçün axşamlar həmin avtomobillərin də hərəkətinə məhdudiyyətlər qoyulacağı gözlənilir.