Moskvada jurnalist Nadejda Kevorkova terrorçuluğa haqq qazandırmaq ittihamı ilə saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya nediası məlumat yayıb. Bildirilir ki, tanınmış rusiyalı jurnalist, Rusiyanın əsas nəşrlərinin şərhçisi və köşə yazarı, ALIF telekanalında “Rus ədəbiyyatının cihadı” sənədli filmlərinin müəllifi, Fələstin və Qəzzə ilə bağlı bir neçə kitabın müəllifi və İsraili tənqid edən Nadejda Kevorkova səhər saatlarında saxlanılıb.
O, Moskvada terrora haqq qazandırmaqda şübhəli bilinir.
Cinayət işinin başlanmasının səbəbləri göstərilmir. Kevorkova 20 ildən artıqdır ki, Fələstin-İsrail münaqişəsini işıqlandırır, özünün “Kevorkova” Teleqram kanalını idarə edir. Burada son aylarda Qəzzada baş verənlərlə bağlı fikirlərini bölüşür və İsraili tənqid edir.
Kevorkova 2015-ci ildə Qəzzaya Azadlıq Donanmasının humanitar karvanının üzvü olub, İsrail xüsusi təyinatlıları tərəfindən ələ keçirilib, sonra Rusiyaya deportasiya edilib. Fələstin və Qəzza haqqında iki kitabın müəllifidir.
Jurnalist 2010-cu ildə “Nezavisimaya qazeta”, “Russia Today”, “Novaya qazeta” və digər nəşrlərlə əməkdaşlıq edib. Kevorkovanın oğlu jurnalist və OVD-Info proqramının “İndi nə” proqramının aparıcısı Vasili Polonskidir. Əvvəllər Polonski “Dojd” telekanalının müxbiri olub.
Xuraman Etibarlı
İnterpress.az