Bu məlumatı musavat.com-a kütləvi davada döyülən İbrahimov Ədalət Kərim oğlu verib.
Əslən Laçın rayonunun Vağazin kəndindən olan və hazırda Ağcabədidə Orta Yataq adlanan ərazidə məskunlaşan məcburi köçkünün dediyinə görə, hadisə torpaq sahəsində aparılan əkin işlərinə görə baş verib.
Ə.İbrahimovun bildirdiyinə görə, o, 4 hektar torpaq sahəsində yonca əkib. Onun dediyinə görə, bu barədə kəndin icra nümayəndəliyinin də razılığı və xəbəri olub.
Lakin Ə.İbrahimovun iddiasına görə, sonradan Vağazin icra nümayəndəliyinin əməkdaşları, nümayəndəliyin mühasibi Eldəniz Mamedov qohumu İsrafil Mamedovla birlikdə onu və ailə üzvlərini hədələyərək həmin ərazidə əkin işlərinin aparılmaması ilə bağlı onlara xəbərdarlıq edib.
Sonuncu xəbərdarlıq zamanı tərəflər arasında əlbəyaxa dava düşüb. Ə.İbrahimovun iddiasına görə, Eldəniz Mamedov və İsrafil Mamedov onu və ailə üzvlərini döyüb, bədən xəsarətləri yetiriblər.
Bu zaman Ədalət İbrahimov, onun oğlu Ağakərim İbrahimov, yoldaşı Şəhla İbrahimova çoxsaylı bədən xəsarətləri alıblar. Ədalət İbrahimov hazırda Ağcabədi Mərkəzi Xəstəxanasında müalicə alır.
Şikayətçinin sözlərinə görə, qarşılaşdıqları problemlə bağlı Laçın Rayon İcra Hakimiyyətinə də müraciət ediblər. Lakin onların müraciətinə baxılmayıb. İcra başçısının birinci müavini Tofiq Mirzəyevin də hadisədən xəbərdar olduğunu deyən Ə.İbrahimov bildirir ki, başçının müavini heç bir tədbir görməyib.
Məlumata görə, dava zamanı hadisəyə müdaxilə edən polis mayoru Rafiq Hüseynov da xəsarət alıb.
Məcburi köçkün Ə.İbrahimovun iddiaları ilə bağlı Laçın Rayon İcra Hakimiyyətinin də mövqeyini öyrənməyə çalışdıq. Lakin iş vaxtı başa çatdığı üçün icra hakimiyyətindən zənglərimizə cavab verilmədi.
İnterpress.azhttps://youtube.com/watch?v=9m1CU9AJNuA