Əslən Masallı rayonunun Mahmudavar kəndindən olan, hazırda Ermənistanda yaşayan Zabil Məhərrəmovun açıqlamaları Azərbaycanda ciddi etirazla qarşılanıb. Xüsusilə cənub zonası özünü “Talışıstan TV telekanalının xəbərlər xidmətinin rəhbəri” kimi təqdim edən bu şəxsə öz sərt təpkisini göstərir.
Yada salaq ki, sosial şəbəkələrdə şeirlərini “Zabil Mədoj” təxəllüsü ilə paylaşan Məhərrəmov deyib: “Azərbaycan talışları, ləzgiləri, bütün milli azlıqları istismar edir. Mən bütün talışlara müraciət edərək deyirəm: bizim qardaşlarımız türklər yox, ermənilərdir. Ermənistan bizim pənahımızdır”. Xəyanətkarlığın ən yüksək zirvəsinə qalxmağı özünə sığışdıran bu şəxs son günlərdə əyninə Ermənistan ordusunun hərbi formasını geyərək kamera qarşısına keçir, ermənilərin şəninə təriflər söyləyir, Azərbaycan dövlətinə və millətinə təhqirlər yağdırır. Əslində yeni deyil. Bu ayın əvvəllərində cəbhədə baş verən 4 günlük savaşda o, əsl kimliyini sübut etmişdi.
Qeyd edək ki, “Talışıstan TV” Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən 2014-cü ilin sonlarında yaradılıb. Bu “qurum”un ideya təşəbbüskarı Azərbaycanda separatçılığa görə həbs olunan, hazıra isə Hollandiyada yaşayan və Azərbaycana nifrətini gizlətməyən, Ermənistanın xüsusi xidmət orqanları ilə sıx təmasda olan Ələkrəm Hümbətovdur.
Cənub zonasından olan hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkələrdə “Zabil Mədoj”un xəyanətkarlığı ilə bağlı öz statusunda məsələyə sərt təpki göstərib: “Son günlər bəzi mətbu orqanlarda bu şərəfsizlə bağlı çoxlu yazılar və müzakirələr gedir. Mən də Azərbaycanımızın ayrılmaz parçası olan cənub zonasının övladı kimi, bu məsələyə öz fikrimi bildirmək istəyirəm. Xəyanətkarın, satqının və dönüyün nə vətəni, nə xalqı, nə də milləti olur! Bildiyiniz kimi, bu cür məxluqlar ancaq və ancaq iradəsiz və lazımsız olduqlarına görə onlardan çox asanlıqla istifadə edilir. Öz çirkin niyyətlərini yerinə yetirmək üçün onlardan istifadə olunur. Bu sapı özümüzdən olan baltanın bir zamanlar doğulduğu cənub zonasına heç bir aidiyyəti olmayıb və ola da bilməz. Doğulduğu ölkədə, həmçinin Rusiyada bazarda belə özünə normal iş tapa bilməyib, indi də gedib mənfur erməni dığalarına qoşulan birisindən heç vaxt insanı keyfiyyətlər gözləməyə dəyməz. Bu satqın və şərəfsiz adam çox tezliklə elə ermənilərin əli ilə məhv ediləcək və adını da qoyacaqlar ki, guya onu Azərbaycan aradan götürdü”.
Lənkəranda yaşayan Müsavat başqanının müavini Yadigar Sadıqov “Zabil Mədoj”un bu yolla pul qazandığını söylədi: “Xüsusi etirazım olmayacaq. Zabilin belə mövqe tutması yenilik deyil. Adam özünə bu cür pul qazanır. Hər kəsin özünə rəva görəcəyi və görməyəcəyi hədlər var. Milli münasibətləri Zabil yox, onun əməllərinə qeyri-adekvat reaksiya, bunun bütün talışlara aid olunması qızışdıra bilər. O səbəbdən də məsuliyyətli olmağımız gərəkir”.
Müsavatın Masallı rayon təşkilatının sədri Xasay Fərzulla bu şəxsin İrəvana getməmişdən öncə də bu cür fikirlərlə yadda qaldığını bildirdi: “Onun aşağılayıcı fikirlərlə saxta millətçilik ruhu yayması təbii ki, qəbuledilən deyil. Bu gün də dedikləri absurd fikirlərdir. Bu şəxsin yəqin ki, ciddi maliyyə mənbələri var. Onun dediklərinin əsaslı olması ehtimalı sıfırın altındadır. Talış xalqının onu dəstəkləyəcəyi qətiyyən mümkün deyil. Bunu qətiyyətlə pisləyirik. Bu gün Azərbaycanda bütün millətlər dostluq, barış şəraitində yaşayırlar. Bu cür şəxslər nəinki cənub bölgəsində, bütövlükdə Azərbaycanda qəbuledilən deyil. Talış separatizmi heç vaxt olmayıb – nə keçmiş tarixdə, nə sovet dönəmində, nə də müstəqillik illərimizdə bu cür hallar olmayıb. Talış xalqının hüquqlarına gəlincə, doğrudur, Azərbaycanda insanların siyasi, iqtisadi və digər sahələrdə hüquqları pozulur, ancaq bunun milliyyətə aidiyyəti yoxdur.
Söhbət ümumi problemlərdən gedə bilər. Zabil Məhərrəmovun dedikləri Azərbaycan uğrunda şəhid olan minlərlə talışa, onların ailələrinə, eləcə də bu gün də canından keçməyə hazır olan minlərlə talış vətəndaşımıza həqarətdir”.(musavat.com)
İnterpress.az