“PKK terror təşkilatının qurucusu Abdullah Öcalanın təşkilatın ləğvi ilə bağlı yaydığı videogörüntü və səsləndirdiyi fikirlər bölgədəki yeni geosiyasi düzən kontekstində qiymətləndirilməlidir”.
Bu barədə İnterpress.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, politoloq professor Hasan Oktay bildirib.
Politoloqun sözlərinə görə, Öcalanın ikinci silah buraxma çağırışı təkcə prosesin davamlılığını təmin etməyə deyil, həm də təşkilatın dəyişən beynəlxalq şəraitə uyğun şəkildə fəaliyyətini davam etdirməsinə xidmət edir.
“Bu çağırışın əhəmiyyəti onun icra mexanizmindən daha çox, bölgədə marksist ideologiyaya əsaslanan bir qurumun artıq yaşamaq imkanlarının qalmaması ilə bağlıdır. Öcalan bu addımı atmaqla təşkilatın tamamilə sıradan çıxmasının qarşısını almağa çalışır və onu yeni siyasi strategiyalar çərçivəsində mövcud saxlamağı hədəfləyir”, – deyə H. Oktay vurğulayıb.
Politoloq qeyd edib ki, Sovet İttifaqının dağılması və ardınca Baas rejiminin zəifləməsi ilə bölgədə Türkiyəyə qarşı silahlı mübarizənin davam etdirilməsi real görünmür:
“Sovet dövründə Rusiya tərəfindən Türkiyəyə qarşı yaradılan PKK terror təşkilatı əsasən Əsəd rejimi vasitəsilə dəstəklənirdi. Lakin 2024-cü il dekabrın 8-də Bəşşar Əsədin Suriyanı tərk etməsi bu kanalın artıq istifadə edilə bilməyəcəyini göstərdi”.
Hasan Oktayın fikrincə, paralel olaraq İranın İsrailə qarşı istifadə etdiyi silahlı qruplar da bölgədə ciddi itkilərə məruz qalıb və nəticədə yeni strategiya axtarışına çıxıblar.
“İsrailin İrana endirdiyi zərbələr və Suriyada formalaşan yeni düzən bölgədəki bütün geosiyasi tənlikləri dəyişib. Bu reallıqları düzgün təhlil edən Öcalan silahlı mübarizənin davam etdirilə bilməyəcəyini anlayaraq silah buraxma çağırışı edib. Beləliklə, təşkilat siyasi mövqe qazanmaq üçün gözləmə mövqeyinə keçib”, – deyə politoloq əlavə edib.
O, bəzi xarici qüvvələrin və təşkilat daxilindəki müəyyən qrupların bu prosesi pozmağa cəhd göstərə biləcəyini də istisna etmir. Lakin H. Oktayın sözlərinə görə, ümumilikdə çağırış təşkilat tərəfindən qəbul olunub.
Professor bildirib ki, Türkiyə bu prosesi diqqətlə izləyir, lakin mövcud mərhələdə konkret addım atılması gözlənilmir:
“Türkiyədə müəyyən dairələr silah buraxan təşkilat üzvlərinin ölkədə yaşamasına şərait yaradılması və Abdullah Öcalanın azadlığa buraxılması məsələlərini müzakirə edir. Lakin bu, yeni bir həll prosesi deyil, daha çox vətəndaşlıq hüquqlarının təminindəki çətinliklərin aradan qaldırılması istiqamətində hüquqi tənzimləmələr kimi dəyərləndirilir”.
H. Oktay sonda Konstitusiyanın bəzi müddəalarının dəyişdiriləcəyi ilə bağlı səsləndirilən iddialara da münasibət bildirib:
“Konstitusiyanın ilk dörd maddəsi və 66-cı maddəsinin dəyişdirilməsi hüquqi baxımdan mümkün deyil və bu istiqamətdə hər hansı ciddi təşəbbüs yoxdur”.
Məsimə Məmmədova