Hadisə bu gün səhər saat 09:10 radələrində baş verib.
Belə ki, Hövsan qəsəbəsindən “Əhmədli” metrostansiyasına gələn avtobusun 65-70 yaşlı sərnişininin gözlənilmədən halı pisləşib və o, huşunu itirib. Lakin avtobus “Əhmədli” metrostansiyası qarşısındakı sonuncu dayanacağa çatdıqda sürücü sərnişinin avtobusdan düşürülməsini tələb edib. Salondakı sərnişinlər “onu yerindən tərpətmək olmaz, bəlkə də infarkt keçirib” – desələr də, sürücü “Neynim? Mən getməliyəm” deyərək bir daha huşunu itirmiş sərnişinin avtobusdan düşürülməsini tələb edib.
O, halı pisləşmiş sərnişini digər şəxslərin köməyilə salondan düşürərək asfaltın üzərinə qoyaraq çıxıb gedib. Halı pisləşmiş sərnişin bir neçə dəqiqə yerdə uzanmış vəziyyətdə qalıb. Sərnişinlər təcili yardıma zəng vuraraq əraziyə həkim çağırıblar və o, xəstəxanaya çatdırılıb.
132 saylı marşrut avtobusunun dispetçeri Elçin Balayev marşrut rəhbərliyinin bununla bağlı araşdırma aparılacağını dedi: “Məsələni araşdırarıq və ölçü götürərik”.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Publika.az-a bildirib ki, faktla bağlı aidiyyəti şirkətlə danışıqlar aparılacaq və tədbir görüləcək: “Şirkətlə əlaqə saxlayacağıq ki, öz sürücüsü ilə bağlı bizə məlumat versin. Məsələ araşdırıldıqdan sonra sürücü ilə bağlı tədbir görüləcək. Ən azı, davranış qaydaları və sürücüyə yaraşmayan hərəkətlərinə görə inzibati tədbirlər görüləcək. Sərnişinlərin müraciətlər əsasında faktları araşdırırıq, müşahidə kameralarındakı görüntülərə baxırıq. Əgər doğrudan da bu hal baş veribsə, mütləq tədbir görüləcək”.
O qeyd edib ki, sürücülərlə bağlı müvafiq qaydalar var. Əgər sürücü sərnişinin həyatı ilə bağlı təhlükəli vəziyyətin yaranmasında bilavasitə iştirakçı və ya səbəbkar olmayıbsa, o işdən çıxarıla bilməz: “Əgər belə hal olmayıbsa, sürücü barəsində töhmət, şiddətli töhmət, yaxud digər cəzalanma olacaq. Həmin sürücü istənilən halda bu mərhələni keçəcək. Bakı Nəqliyyat Agentliyi həmin sürücünün söylədiyim qaydada cəzalandırılması məsələsini nəzarətdə saxlayacaq. Bu, qeyri-etik davranışdır”.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Publika.az-a bildirib ki, yalnız avtobusda deyil, tramvayda, metroda, dəmiryol qatarında, təyyarədə, bir sözlə ictimai nəqliyyatda sərnişinlərin səhhətinin pisləşməsi halları baş verdikdə, sürücülər və idarə heyəti – personal təlimata uyğun hərəkət etməlidir: “Qeyd edim ki, avtobusda, tramvayda, metroda, dəmiryol qatarında, təyyarədə, bir sözlə ictimai nəqliyyatda sürücülərə və ekipaja, heyət üzvlərinə təlimat verilməlidir. Əgər bu hadisə doğrudan da baş veribsə, bu, biabırçılıqdır.
Sürücülərə verilən təlimat belə olmalıdır: Əgər sərnişinlərdən hansınınsa səhhətində problem yaranarsa, dərhal avtobus dayandırılmalıdır. Avtobuslarda həkiməqədərki tibbi yardımla bağlı çanta omalıdır. Əgər sərnişinə həkim gələnə qədər tibbi yardım göstərilməsi vacibdirsə, bu, mütləq həyata keçirilməlidir.
Avtobus dayandırılmalı, dərhal təcili yardım çağırılmalıdır. Sürücü zəng edib avtobusun yerini söyləməli, sərnişinin səhhətində problemin yaranması haqda məlumat verməlidir. Ola bilsin, həkimlər ilkin tibbi yardımın göstərilməsi barədə təlimat versin. Sürücü, yaxud heyət (hadisə təyyarədə, qatarda baş veribsə- müəl.) hadisə yerindəcə dayanıb gözləməlidir. Vəziyyəti təcrübəli sürücü özü də qiymətləndirə bilər. Tutaq ki, sərnişinin vəziyyəti ağırdır və o, təcili xəstəxanaya çatdırılmalıdır.
Əgər həmin sərnişin dünyasını dəyişsə, sürücünü Cinayət Məcəlləsinin 143-cü maddəsi (təhlükədə qoyma) ilə cinayət məsuliyyətinə cəlb etmək olar. Əgər sürücü vəziyyəti ağır olan sərnişini küçədə qoyub getsə və sərnişin nəzarətsiz qoyulduğuna görə dünyasını dəyişsə, sürücünü cinayət məsuliyyətinə cəlb etmək olar. Qoy bu, o biri sürücülərə də dərs olsun”.
Ekspert deyib ki, hər bir halda sürücü haqda tədbir görülməli, onun əməli araşdırılmalıdır. (publika.az)
İnterpress.az