Balidə turist qadın bir stəkan şərab içdikdən sonra komaya düşüb. Onda sepsis yaranıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
İndoneziyanın Bali adasında istirahət edən Rusiyanın Soçi şəhərindən olan 50 yaşlı turist Anna yol kənarındakı mağazadan alınmış yerli spirtli içkini qəbul etdikdən sonra komaya düşüb.
Yaxınlarının verdiyi məlumata görə, şərabı içdikdən bir neçə saat sonra qadında güclü ürəkbulanma, üşütmə və işıqdan qorxma (fotofobiya) simptomları başlayıb.
Vəziyyəti sürətlə pisləşən turist xəstəxanaya aparılarkən yolda qıcolmalar keçirib, huşunu itirərək komaya düşüb və süni tənəffüs aparatına qoşulub.
Həkimlər qadında metil spirtindən (metanol) ağır zəhərlənmə ehtimalı müəyyən edərək qanın təmizlənməsi prosedurunu həyata keçiriblər.
Artıq altıncı gündür komada olan turistin vəziyyəti daha da pisləşib. Təyin olunmuş antibiotiklər təsir göstərməyib və qadında ağır sepsis (qan zəhərlənməsi) inkişaf etməyə başlayıb.
Özəl klinikada aparılan müalicə xərcləri artıq 2,5 milyon rubla (təxminən 58 250 manat) çatıb. Annanın sığortası spirtli içki qəbulu ilə bağlı halları əhatə etmədiyi üçün yaxınları müalicə xərclərini ödəmək məqsədilə vəsait toplamağa başlayıblar.
Xəstəxanadan bildirilib ki, qadının dövlət müəssisəsinə köçürülməsi yalnız orada boş yer olduğu və özəl klinikaya olan borcun tam ödənildiyi təqdirdə mümkündür.
Zərərçəkənin yaxınları klinikanın ekspertiza üçün həmin şərab şüşəsini tələb etdiyini, lakin daha sonra geri qaytardığını qeyd ediblər.
Xuraman Etibarlı
İnterpress.az






