Vaşinqton bir sıra iri Çin şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Çinin hərbi sənayesi ilə əlaqəli olan və bu kateqoriyaya daxil edilən şirkətlərin yeni siyahısını dərc edib.
Siyahıya salınan şirkətlər ABŞ-də investisiya limitləri və dövlət satınalmalarında iştirak məhdudiyyətləri də daxil olmaqla əlavə çətinliklərlə qarşılaşa bilərlər.
Sözügedən siyahıya Çinin elektron ticarət nəhəngi “Alibaba” qrupu, internet axtarış sistemi olan “Baidu” və tanınmış elektromobil istehsalçısı “BYD” daxil edilib.
Həmçinin yeni əlavə edilən şirkətlər sırasına “WuXi AppTec” biotexnologiya firması və süni intellekt əsaslı robot texnikası sahəsində fəaliyyət göstərən “RoboSense Technology Co Ltd.” də daxil olub.
Pentaqonun siyahısına rəsmi olaraq Çin firmalarına qarşı sanksiyalar daxil edilməsə də, yeni qanuna əsasən, departamentə qarşıdakı illərdə siyahıya daxil olan şirkətlərlə müqavilələr bağlamaq və ya alış-veriş etmək qadağan ediləcək.
Xuraman Etibarlı
İnterpress.az






