Rusiya dron operatorlarını “NATO ilə böyük müharibəyə” hazırlayır.
İnterpress.az xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.
Avqust ayında Rusiyada pilotsuz uçuş aparatlarına (PUA) həsr olunmuş illik “Dronnitsa” forumu keçiriləcək. Builki forumun əsas mövzusu NATO ilə potensial irimiqyaslı münaqişəyə hazırlıq məsələlərinə həsr olunub.
Rusiya PUA-ları üzrə ekspert Semyuel Bendett bildirib ki, bu texniki forumda hərbçilər və istehsalçılar müharibə təcrübəsini təhlil edərək dronların tətbiqinin yeni yollarını hazırlayacaqlar.
Tədbirdə əsas diqqət Qərbin zirehli texnikası, hava hücumundan müdafiə (HHM) sistemləri və aviabazaları ilə mübarizəyə yönəldiləcək.
Analitiklər xüsusi vurğunun Baltikyanı ölkələrə edildiyini qeyd edirlər. Məlumata görə, Rusiya artıq həmin ölkələrin sərhədləri yaxınlığında yeni iri hərbi bazalar inşa edir.
Ekspertlərin qiymətləndirmələrinə əsasən, bu bazalarda potensial olaraq 100 mindən çox hərbçi yerləşdirilə bilər.
Xuraman Etibarlı
İnterpress.az






