Azərbaycan Respublikasının Gənclər Fondu və Bakcell-in birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilən “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri ilə rəsmi görüş keçirilib.
Tədbirin əsas məqsədi proqramın qaliblərini bir araya gətirərək onları təşəbbüsün növbəti mərhələsi ilə tanış etmək, innovasiya və süni intellekt sahəsində mövcud imkanlar, gələcək inkişaf istiqamətləri və proqram çərçivəsində yaradılan perspektivlər ətrafında fikir mübadiləsi aparmaq olub. Görüş zamanı iştirakçılar Gənclər Fondu və Bakcell-in gənclərin innovasiya potensialının inkişafına yönəlmiş strateji yanaşmaları barədə ətraflı məlumat əldə ediblər.
Azərbaycan Respublikasının Gənclər Fondu və Bakcell-in birgə tərəfdaşlığı ilə keçirilən təqaüd proqramının əsas məqsədi Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq təşəbbüskar və innovativ gənc nəslin yetişdirilməsinə mühüm töhfə verməkdir. Proqram ölkəmizdə dayanıqlı innovasiya mühitinin inkişafını təşviq etməklə yanaşı, texnologiya sahəsində yüksək potensiala malik gənclərin yetişdirilməsinə və gələcəyin rəqabətqabiliyyətli insan kapitalının formalaşmasına dəstək göstərir.
Qeyd edək ki, təqaüd proqramına ümumilikdə 1851 müraciət daxil olub. Çoxmərhələli seçim prosesini uğurla tamamlayan 25 gənc təqaüd qazanıblar. Proqram müddətində qalib gənclər süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn istiqamətləri üzrə tədris prosesinə cəlb olunacaq, nəzəri bilikləri real təcrübə ilə birləşdirmək imkanı qazanacaq və rəqəmsal transformasiyanın tələblərinə uyğun yüksək ixtisaslı mütəxəssis kimi yetişəcəklər.






