Rusiyada mümkün yanacaq qıtlığı zamanı təminat növbəliyi müəyyənləşdirilib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiya hakimiyyəti ölkədə mümkün yanacaq qıtlığı yaranacağı təqdirdə ilk növbədə hansı sahələrin təmin olunacağını müəyyən edib.
Yeni təsdiqlənmiş qaydalara əsasən, dövlət strukturları, müdafiə sənayesi müəssisələri, Rusiya Dəmir Yolları, kənd təsərrüfatı istehsalçıları, şimal ərazilərinin təchizatı, həmçinin Krım və bir sıra digər regionlar yanacaq təminatında prioritet qrup elan edilib.
Yanacaqdoldurma məntəqələri (YDM) şəbəkələri, müstəqil yanacaqdoldurma stansiyaları və hökumətlərarası sazişlər əsasında həyata keçirilən ixrac isə növbəlilik siyahısının ən sonuna salınıb.
Sözügedən qərar Rusiyanın bir sıra mühüm bölgələrində yanacaq təminatı ilə bağlı yaranmış gərgin vəziyyət fonunda qəbul edilib.
Bununla da rəsmi Moskva qıtlıq anında strateji əhəmiyyətli sahələrin fəaliyyətinin dayandırılmasının qarşısını almağı hədəfləyir.
Xuraman Etibarlı
İnterpress.аz






