Patriarx Kirill müharibə əleyhdarı olan keşişlərin Rusiyadan getməsinə şad olduğunu bildirib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rus Pravoslav Kilsəsinin rəhbəri, patriarx Kirill Moskvada keçirilən dini yürüşdən sonra etdiyi rəsmi çıxışda Ukrayna ilə müharibə əleyhinə çıxış edən din xadimlərini hədəf alıb.
O, hərbi əməliyyatlarla əlaqəli olan “Müqəddəs Rus naminə” duasının ölkə düşmənlərində kəskin nifrət oyatdığını bəyan edib.
Patriarx artıq Rusiyada olmayan bəzi din xadimlərinin bu duanın oxunmasına qarşı çıxdığını bildirib:
“Bəzi din xadimləri deyirdi ki, bu duanı oxumaq lazım deyil, kimisə incidə bilərik, bizi səhv başa düşərlər. Şadam ki, bizimlə olan, lakin bizdən olmayanlar bizi birdəfəlik tərk etdilər. Onlar, yəqin ki, bir daha heç vaxt Rusiyaya qayıtmayacaqlar”.
Rusiya kilsəsinin Ukraynadakı müharibəyə dəstək verən mövqeyinə və Kremlin siyasətinə etiraz olaraq onlarla rusiyalı keşiş ölkəni tərk edib.
Kirill hələ 2022-ci ildə Ukrayna əleyhinə məzmunu olan həmin duanın hər liturgiyada məcburi oxunması barədə qəti göstəriş vermişdi.
Bu duanı oxumaqdan rəsmən imtina edən keşişlər isə müxtəlif cəzalara, o cümlədən rütbələrindən tamamilə məhrum edilməyə məruz qalıblar.
Xuraman Etibarlı
İnterpress.аz






