“ArBat” batalyonunun qurucusu Armen Sarkisyanın qətli ilə bağlı təqsirləndirilən şəxs bəraət istəyib.
İnterpress.аz xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“ArBat” erməni könüllü batalyonunun qurucusu Armen Sarkisyanın ölümü ilə nəticələnən partlayış işi üzrə təqsirləndirilən Ermənistan vətəndaşı Varaj Manukyan məhkəmədən bəraət qərarı çıxarılmasını xahiş edib.
O, öz son sözündə hadisə ilə heç bir əlaqəsinin olmadığını və ailəsinin yanına qayıtmaq istədiyini bildirib.
Məhkəmə tərəfindən rəsmi hökm iyulun 30-da elan ediləcək.
Dövlət ittihamçısı terror aktında və qanunsuz partlayıcı maddə dövriyyəsində ittiham olunan Manukyan üçün 24 il azadlıqdan məhrumetmə cəzası və 500 min rubl (təxminən 10 700 manat) məbləğində cərimə tələb edib.
İstintaqın məlumatına görə, partlayışda istifadə olunan qurğu təqsirləndirilən şəxsə məxsus “Mercedes” markalı avtomobildə daşınıb.
“ArBat” batalyonunun qurucusu Armen Sarkisyan 2025-ci il fevralın 3-də Moskvadakı “Alıye Parusa” yaşayış kompleksində baş verən güclü partlayış nəticəsində ölüb.
Hazırda bu səs-küylü cinayət işi üzrə məhkəmə prosesi qapalı rejimdə dinlənilir.
Xuraman Etibarlı
İnterpress.аz






