Sosial aktivliyin beyin yaşlanmasını yavaşlatdığı müəyyən edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Alzheimer’s & Dementia” jurnalında dərc olunan araşdırmada bildirilib.
Alimlər 6 mindən çox insanın məlumatlarını təhlil edərək onların sosial aktivlik səviyyəsini qiymətləndiriblər.
Araşdırmada ictimai tədbirlərdə iştirak, ailə və dostlarla görüşlər, könüllülük fəaliyyəti, iş, müxtəlif dərnəklərə getmək və digər sosial fəaliyyətlər nəzərə alınıb.
Nəticələrə görə, daha yüksək sosial aktivlik yaddaş, orientasiya və icraedici funksiyaların daha yaxşı qorunması ilə əlaqələndirilib.
Tədqiqatın müəllifləri canlı ünsiyyətin və sosial fəaliyyətin sağlam qocalma proqramlarına, həmçinin demensiyanın profilaktikasına daxil edilməsinin vacibliyini vurğulayıblar.
Xuraman Etibarlı
İnterpress.az






