Atlantik okeanında 2,1 ton kokain daşıyan yaxta saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə İspaniya gömrük xidməti məlumat yayıb.
İspaniyanın narkotiklərlə mübarizə polisi Atlantik okeanında Polşa bayrağı altında üzən 14 metrlik yelkənli yaxtanı saxlayıb. Gəmidə ümumi çəkisi 2,1 ton olan kokain aşkarlanıb.
Yükün Avropa bazarındakı dəyərinin təxminən 164 milyon avro (təxminən 322 milyon manat) olduğu bildirilir.
Yaxta iyul ayında İspaniyanın Roses şəhərindən yola çıxıb və həmin vaxtdan gizli nəzarətdə saxlanılıb.
İspaniya sahillərindən təxminən 650 kilometr məsafədə gəmi dayandırılıb və müxtəlif yerlərdə gizlədilmiş 70 bağlama narkotik aşkarlanıb.
Yaxtada Argentina, Uruqvay, Kolumbiya və Albaniya vətəndaşı olan dörd şübhəli saxlanılıb. Daha bir şübhəli İspaniyanın Jirona şəhərində tutulub.
İstintaqın məlumatına görə, yükün Cənubi Amerikadan Avropaya daşınması ilə məşğul olan peşəkar cinayətkar qruplaşmanın fəaliyyəti araşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






