Prezident İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi ilə görüşü zamanı Azərbaycanda turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açılıb, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulanıb. Görüşdə bütün bunların Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət daşıdığı bildirilib. Həmçinin Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulanıb.
Hazırda ölkəmizin turizm imkanları necə dəyərləndirilir?
XQ-yə mövzu ilə bağlı Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri Rəhman Quliyev bildirdi ki, ölkəmizin turizm potensialını kifayət qədər yüksək qiymətləndirirəm və hesab edirəm ki, ölkəmiz bu sahədə regionun aparıcı turizm istiqamətlərindən birinə çevrilmək üçün böyük imkanlara malikdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə turizmin inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğı bu sahənin davamlı inkişafına mühüm töhfə verir. Bu gün təkcə Bakı şəhərində deyil, regionlarımızda da müasir turizm infrastrukturu yaradılır, yeni hotellər, istirahət mərkəzləri və turizm obyektləri istifadəyə verilir. Azərbaycanın zəngin tarixi-mədəni irsi, qədim abidələri, milli mətbəxi və qonaqpərvər xalqı ölkəmizi xarici turistlər üçün cəlbedici edir.
Müsahibim vurğuladı ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin turizm potensialının üzə çıxarılması qarşıdakı illərdə yeni imkanlar yaradacaq. Şuşa, Zəngilan, Laçın və digər ərazilərimiz həm tarixi-mədəni, həm də ekoturizm baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda, Şahdağ, Tufandağ, Naftalan, Qəbələ və digər turizm məkanlarımız ölkəmizdə qış, sağlamlıq, dağ və istirahət turizminin inkişafına xidmət edir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, beynəlxalq nəqliyyat əlaqələri və hava bağlantılarının genişlənməsi də turist axınının artmasına müsbət təsir göstərir. Beynəlxalq tədbirlərin, idman yarışlarının və mədəniyyət festivallarının keçirilməsi ölkəmizin turizm imicinin dünyada tanıdılmasına əlavə imkanlar yaradır.
Dünya Turizm Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın beynəlxalq turizm məkanında mövqeyinin daha da güclənməsinə töhfə verə bilər. Düşünürəm ki, xidmət keyfiyyətinin yüksəldilməsi, peşəkar kadr hazırlığı, rəqəmsallaşma və regionlarda turizm məhsullarının şaxələndirilməsi gələcək inkişafın əsas istiqamətləri olmalıdır.
R.Quliyev sonda əminliklə bildirdi ki, dövlət dəstəyi, özəl sektorun fəallığı və beynəlxalq əməkdaşlıq sayəsində Azərbaycan yaxın illərdə daha çox turist qəbul edən, rəqabətqabiliyyətli və tanınmış turizm ölkələrindən birinə çevriləcək.






