Rusiyada keçmiş hərbçi saxta döyüş epizodları qurduğuna görə 21 il həbs cəzası alıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Rusiya Silahlı Qüvvələrinin 83-cü əlahiddə hava-desant hücum briqadasının xüsusi əməliyyatlar qrupunun keçmiş rəhbəri, “Cəllad” çağırış adı ilə tanınan Konstantin Frolov ciddi rejimli koloniyada 21 il müddətinə azadlıqdan məhrum edilib.
O, polkovnik-leytenant rütbəsindən, dörd “İgidliyə görə” ordenindən və digər mükafatlardan da məhrum olunub.
Məhkəmənin müəyyən etdiyinə görə, Frolov döyüş bölgəsində ödənişlər və döyüş xidmətlərinə görə mükafatlar almaq məqsədilə özünə qəsdən xəsarət yetirmə hallarını sistemli şəkildə təşkil edib.
O, həmçinin səhnələşdirilmiş döyüş epizodlarını lentə aldırıb və bu görüntülər mediada real döyüş hadisələri kimi təqdim olunub.
İki il əvvəl onun rəhbərlik etdiyi qrup düşmən pilotsuz uçuş aparatlarının hücumunu əks etdirən video çəkib.
Hərbçilər silah anbarının minalardan təmizlənməsi zamanı döyüşçülərin partlayış nəticəsində həlak olması səhnəsini də imitasiya ediblər.
Sonradan poliqonda çəkiliş zamanı Frolov qumbaranı səngərə atıb, lakin qumbara divardan geri sıçrayaraq ayaqlarının yanında partlayıb və ona həqiqi xəsarətlər yetirib.
İstintaq materiallarına əsasən, saxta yaralanma görüntülərindən tibb işçilərini aldatmaq üçün də istifadə olunub. Əvvəlcədən hazırlanmış qəlpələr ağrıkəsicilər və cərrahi alətlər vasitəsilə guya döyüşdə alınmış yaralara yerləşdirilib, geyimlər qəsdən zədələnib və qanla ləkələnib. Bəzi hallarda bu işdə həkimin də iştirak etdiyi bildirilib.
2023-cü ilin fevralında federal telekanallardan biri Frolovun rəhbərlik etdiyi “unikal snayperlər qrupu” haqqında süjet yayımlayıb. Süjetdə onun yeddinci yaralanmasından sonra reabilitasiyadan imtina edərək yenidən xidmətə qayıtdığı iddia olunub.
Məlumata görə, qrup həmçinin pulemyotlar, avtomatlar, snayper tüfəngləri, tapançalar və trotil blokları da daxil olmaqla, ələ keçirilmiş silah və sursatların əldə edilməsi ilə məşğul olub. Arsenalın bir hissəsi müsadirə edilib.
Frolovun sözlərinə görə, bəzi silah nümunələri “Patriot” hərbi-vətənpərvərlik parkına da təhvil verilib.
Digər təqsirləndirilən şəxslərin ifadələrinə əsasən, o, özünü hərbi polis üzrə kurator kimi təqdim edir və Rusiya Müdafiə Nazirliyində geniş əlaqələrinin olduğunu bildirirmiş.
Xuraman Etibarlı
İnterpress.az






