Şuşanın azad olduğu gün tariximizə qızıl hərflərlə yazıldı – Tənzilə Rüstəmxanlıbackend

Şuşanın azad olduğu gün tariximizə qızıl hərflərlə yazıldı – Tənzilə Rüstəmxanlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

6 il öncə 8 noyabr tarixində Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşanın işğaldan azad edilməsi barədə xalqımıza verdiyi möhtəşəm xəbəri hər dəfə xatırlayarkən, o günün həyəcanını yenidən yaşamış oluruq. Dövlətimizin başçısının “Əziz Şuşa, sən azadsan!” sözləri ilə keçirdiyimiz hissləri, o günün qürurunu, sevincini sözlə ifadə etmək bu gün də çox çətindir. Azərbaycan son ikiyüz ildə bu qədər sevinc, qürur yaşamamışdı. 

media-whatsapp-image-2025-11-25-at-14-11-56

Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu. 44 gün davam edən müharibə ərzində rəşadətli ordumuz inamla, dayanmadan Şuşaya doğru irəlilədi. Uzun illər bir arzu kimi görünən bu məqsəd 2020-ci il noyabrın 8-də reallığa çevrildi. Nəinki hərbi ekspertlərin, elə ermənilərin özlərinin də dediyi kimi, “kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir”.

Ali Baş Komandan kimi İlham Əliyev də hələ Vətən müharibəsinin ilk günlərindən bildirirdi ki, Şuşasız bizim qələbəmiz natamam olacaq. Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsində tarixi zəfərimizi şərtləndirdi. Şuşa əməliyyatı dünya hərb tarixində misli görünməmiş bir əməliyyat idi.

Şuşanın hansı şəraitdə, əsgər və zabitlərimizin hansı əziyyətlərı bahasına, şəhidlərimizin qanı, canı hesabına, yüksək peşəkarlıq və dəqiqliklə hazırlanmış əməliyyat planı nəticəsində azad edildiyinin şahidi olduq. Qəhrəman oğullarımız nə qədər çətin bir tapşırığı uğurla yerinə yetiriblər.

Şanlı ordumuz mümkünsüzü mümkün etdi və bu gün dünya hərbi ekspertləri Şuşa əməliyyatını araşdırırlar, çünki bu əməliyyat hər kəsi təəccüb içində qoyub. Ona görə də Şuşanın azad olduğu gün, 8 noyabr tariximizə qızıl hərflərlə yazıldı.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü strateq bacarığı, zərgər dəqiqliyi ilə müəyyən etdiyi strategiya və doğru hədəfə yönəlmiş siyasəti nəticəsində xalqımız bu qələbəyə nail oldu. Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sürətlə və yüksək keyfiyyətlə davam edir, soydaşlarımız öz doğma torpaqlarına geri dönürlər.

İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələrini düşmən talan edib, şəhərin memarlığına və milli-mədəni irsimizə misli görünməmiş ziyan vurub. Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Şuşa – Qarabağın tacı, bütün Qafqazın incisi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin yurdu, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır. Bu gün burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır və Şuşanın tarixi siması saxlanılır.

Prezident İlham Əliyevin 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycanın, 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Bütün bunlar onu deməyə əsas verir ki, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir.

Biz xəyalların gerçəkləşdiyi Azərbaycanın, qalib ölkənin qalib vətəndaşları olmağın tükənməz sevincini yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq.