Prokurorluq Natiq Cəfərlinin həbsinin səbəbini açıqladıbackend

Prokurorluq Natiq Cəfərlinin həbsinin səbəbini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 12-də həbs edilən Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərlinin işindən apelyasiya şikayəti verilib. Bu barədə mətbuata açıqlamasında vəkil Cavad Cavadov məlumat verib. Yaxın günlərdə instansiya məhkəməsinin müraciətə baxacağı gözlənilir.

İqtisadçı ekspertlə bağlı xəbərlər təkcə bununla bitmir. Baş Prokurorluq avqustun 15-də onun həbsi ilə bağlı məlumat yayıb: “Cinayət işi üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə və sair istintaq hərəkətləri yerinə yetirilmiş, Cəfərov Natiq Mehman oğlunun cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması barədə səlahiyyətli dövlət orqanlarından daxil olmuş məlumatlar məhkəmə qərarı əsasında Maliyyə və Vergilər nazirlikləri, həmçinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisləri tərəfindən yoxlanılıb. Natiq Cəfərovun 2011-2014-cü illərdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs kimi özü üçün qanunsuz üstünlük əldə etmək, yəni vergiləri ödəməkdən yayınaraq gəlir əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq sui-istifadə edib. Demokratiyaya Milli Dəstək Fondu tərəfindən özünün bilavasitə həyata keçirdiyi layihələr üzrə ayrılmış 94 565 ABŞ dolları məbləğində müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmayan qrant müqavilələri üzrə pul vəsaitlərinin ”Bank Respublika\” ASC-nin Nərimanov filialında yerləşən bank hesablarına köçürülməsini təmin etməklə nağdlaşdırıb, götürərək təşkilati-sərəncamverici funksiyaları həyata keçirən layihə rəhbəri kimi müxtəlif vəzifələrə işçilər cəlb edərək özünə, eləcə də, həmin şəxslərə xidmət və əmək haqları adı ilə pul vəsaitlərinin ödənilməsini təşkil etməsində, müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 71 334 manat məbləğində xeyli miqdarda gəlir əldə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasında əsaslı şübhələr müəyyən edilib.

Natiq Cəfərov iş üzrə verdiyi ifadələrində göstərilənləri təsdiq edərək qrant müqavilələrini müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirmədiyini, ayrılmış qrant vəsaitini dostu, eyni zamanda həmin dövrdə REAL Hərəkatının həmsədri olmuş İlqar Məmmədovun köməkiliyi ilə mənfəət əldə etmək məqsədi ilə aldığını və fiziki şəxs kimi həmin vəsaitlərin rəhbəri olduğu layihələr üzrə xərclənməsinə sərəncam verdiyini təsdiq edib.

Natiq Cəfərovun Cinayət Məcəlləsinin 192.1 (Qanunsuz sahibkarlıq) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui?istifadə ağır nəticələrə səbəb olduqda) maddələrində nəzərdə tutulan əməlləri törətməsində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi üzrə istintaq davam etdirilir\”, – deyə, məlumatda bildirilir.

REAL-ın icraçı katibi saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından anası ilə avqustun 15-də telefon vasitəsilə əlaqə saxlayıb. Bu barədə onun yaxınları məlumat verdilər. N.Cəfərlinin vəziyyətinin yaxşı olduğu, saxlanma şəraitindən narazı olmadığı, əhval-ruhiyyəsinin yüksək olduğu, hamıya salam göndərdiyi və anasına ürək-dirək verdiyi bildirilib.

Avqustun 16-da saat 15:00-da keçiriləcək İnsan Haqları üzrə Birgə İşçi Qrupunun toplantısında N.Cəfərlinin məsələsi müzakirə olunacaq. Məlumatı “Yeni Müsavat”a qurumun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu verib.

İqtisadçı ekspertin həmkarı Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı onun həbsi ilə bağlı yaydığı bəyanatda bunu qəti şəkildə pisləyib. ADR N.Cəfərlinin azadlığını tələb edib.

Onu da qeyd edək ki, iqtisadçı ekspertin həbsinin ilk günlərindən daha çox ölkənin müxalif düşərgəsinin bununla bağlı mövqeləri müşahidə olunur. İqtidar bu məsələdə susqunluq nümayiş etdirir.

Sükutu “Yeni Müsavat”a açıqlamasında “Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov pozdu. O, N.Cəfərlinin həbsi ilə bağlı bunları dedi: “Çox qəribə bir fikir formalaşıb. Hamımız qanundan, qanunun aliliyindən danışırıq. Hamımız Azərbaycanda hüquqi dövlətin qurulmasını istəyirik. Belə olanda biz jurnalistlərin də işi asanlaşır. Qanunla biri barəsində həbs qərarı veriləndə, azadlığı məhdudlaşanda buna bir ad qoymağa başlayırıq. Həmin şəxsin hansısa təşkilata mənsub olduğunu, filan işə görə həbs edildiyini gündəmə gətiririk. Müəyyən şübhələr olmasa, hüquq-mühafizə orqanları heç bir Azərbaycan vətəndaşı barəsində həbs-qətimkan tədbiri seçməz, onun azadlığını istintaq dövründə məhdudlaşdırmaz. Əgər belə bir hal varsa, demək, ortada konkret fakt var. İstintaq işini asanlaşdırmaq, istənilən vaxt həmin şəxslə danışmaq üçün belə qərarlar verilir. Dünənə qədər qanundan danışırıq, amma belə hal olan kimi qanunu unuduruq. Dünyanın heç bir yerində vergidən yayınmağa kimsəyə icazə verilmir. Amerikada ölümdən və vergidən yayınmadan qaçmaq mümkün deyil.

Bu şəxs iqtisadçıdırsa, mütləq bilir ki, qazandığı gəlirdən vergi ödəməlidir. İstintaq bunu sübut edəcək və deyilən sözlər üçün heç kim məsuliyyət daşımayacaq. Azərbaycanda söz və fikir azadlığıdır. Ona görə heç kim dediyi sözə görə məsuliyyət daşımır. Məsələyə yanaşmam budur. Burada iki məsələ ortaya çıxır. Əvvəla, bu qədər gəlir haradandır? Nə üçün vergini gizlətmisən? Vergini ona görə ödəməmisən ki, aldığın külli miqdarda gəlir gizli qalsın.

Burada xoş niyyət görünmür. Bu cür məsələlərdə hamı səbirli olub, qanunu öndə tutmalıdır. İstintaq nəyisə sübut etməsə, həmin şəxs azad olunacaq. Yaxud narazı qalsalar, Avropa Məhkəməsinə müraciət etmək şansları var. Hesab edirəm ki, burada hüquq mühafizə orqanının əlində ciddi faktlar olduğuna görə belə addım atılıb. Amma onu deyim ki, heç kimin həbsxanaya düşməsinin, azadlığının məhdudlaşdırılmasının tərəfdarı deyiləm. Kimsə mənim bu fikirlərimi səhv anlamasın. Amma cəmiyyətdə o adət yaranmamalıdır ki, kefin istəyəndə vergi ödə, istəməyəndə yox. Siyasətçi, jurnalist, hüquq müdafiəçisi olduğunu ortaya atıb, qanuna əməl etməmək olmaz. Qanuna hamı əməl etməlidir”. (musavat)

İnterpress.az