Günorta saatlarından başlayan, yağış və sulu qarla müşayiət olunan güclü külək axşama doğru daha da şiddətlənib və hazırda davam edir.
Nəticədə rayonun Dırığ ərazisi sayılan Şinqədulan xəttində 4 dayaq aşdığından bu istiqamətdə olan 40-dan çox kənd günorta saatlarından işıqsız qalıb. Gün ərzində ərazidə təmir-bərpa işləri aparılsa da, hələlik problem həllini tapmayıb.
Lerik Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, hazırda rayon mərkəzinə də elektrik enerjisinin verilişi dayandırılıb:
“Bundan başqa, rayonun Zuvand ərazisindəki kəndlərdə də elektrik enerjisi kəsilib. İlkin məlumata görə, hazırda 50-dən çox kənddə işıq yoxdur. Digər fəsadlar barədə hələlik məlumat daxil olmayıb”.
“Lerik Elektrik Şəbəkəsi”ndən isə “Report”a təhlükəsizlik tədbirləri səbəbindən rayon ərazisində elektrik enerjisinin verilişinin dayandırıldığı vurğulanıb.
İnterpress.az