REAL hərəkatın daha bir funksioneri bu gün dindiriləcəkbackend

REAL hərəkatın daha bir funksioneri bu gün dindiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 19-da İranın Azərbaycandakı səfirinin ikinci katibi Mehdi Arifzadənin REAL hərəkatının ofisində qurumun funksionerləri ilə görüşü bir sıra müzakirələrə səbəb olub. Yanvarın 27-də virtualaz.org saytında “İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı” başlıqlı yayılan məqalədə səslənən şok iddialar hərəkatı hədəfə gətirib.

Yazıda iddia olunduğuna görə, görüşdə REAL-çılar İran səfirliyi və müxalif “milli-demokratlar” arasında vasitəçilik etməyə boyun olaraq, üstəlik, İrandan ilk maliyyə dəstəyi də alıblar. Bundan sonra Baş Prokurorluq araşdırmalara başlayıb. Yanvarın 28-də REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb. \”Azadlıq\” Radiosuna açıqlama verən REAL funksionerinin sözlərinə görə, yanvarın 19-da İranın Azərbaycandakı səfirliyinin əməkdaşı REAL-ın ofisinə gələrək, onlarla görüşüb: “Almaniyanın, ABŞ-ın, Böyük Britaniyanın, digər səfirliklərin də əməkdaşları bizim ofisdə olublar. İran səfirliyinin əməkdaşı ilə görüşdən dərhal sonra mətbuat üçün açıqlama yaydıq, facebook səhifələrimizdə fotolar paylaşdıq”.

Azər Qasımlı deyir ki, istintaqı REAL-ın partiyalaşması məsələsi də maraqlandırıb və o, bu istiqamətdə də sualları cavablandırıb: “Birinci gün də təşkilatın icraçı katibi Natiq Cəfərli istintaqa çağrılıb”.

REAL hərəkatın daha bir funksioneri bu gün dindiriləcək

N.Cəfərli isə “Yeni Müsavat”a açıqlamasında bunları dedi: “Yanvarın 30-da saat 11:00-da istintaq idarəsinə çağırılmışam. Mənim o dövlət orqanına dəvət almağım ilk deyil, indiyə qədər bu, dəfələrlə olub – müxtəlif işlərlə bağlı. Çox güman ki, bu yazı ilə bağlı müxtəlif suallar olacaq. O suallara səmimi şəkildə, necə baş veribsə, o cür də izahımı verəcəm. Açığı, ciddi bir şeyin olacağını da gözləmirəm. Onu bildirim ki, məqalədə qeyd olunanlar ittiham deyil, iddiadır. Bəzi hallarda sözlükləri düzgün qurmurlar. Buna Eynulla Fətullayevin xəyal məhsulu deyə bilərsiniz. Bir şəxs özündən məqalə yazır, dövlət qurumları da bununla bağlı araşdırmalar aparır, sifarişli bir yazıdır. Sifarişin məqsədi də yazıdan istifadə edərək, REAL-a qarşı basqıları genişləndirməkdir. Burada ittihamdan söhbət belə getmir, heç REAL-a qarşı ittiham da irəli sürülməyib. Həmin saytda son üç gündə bəzi dövlət məmurlarının villaları, evləri barədə yazılar dərc olunub. Niyə onunla bağlı araşdırmalar aparılmır? Qapımız açıqdır. Səhərisi gün Azərbaycanda fəaliyyət göstərən istənilən səfirliyin müraciəti olsa, görüşə hazırıq. Səfirlikləri qoyaq bir kənara, hətta dövlət qurumların, nazirliklərin nümayəndələri görüşmək istəsələr, fikir mübadiləsi aparmaq istəsələr, məmnuniyyətlə razılıq verərik. Biz indi nə edək ki, dövlət qurumları, nazirliklərin nümayəndələri fikir mübadiləsi aparmaq istəmirlər. Amma xarici səfirliklərin nümayəndələri buna ehtiyac duyurlar. İndiyə qədər bizim ofisdə onlarla belə görüş olub. Bu da növbəti görüşlərdən biri idi. Əsas söhbət Azərbaycandakı iqtisadi durumla, eləcə də, İranın burada investisiya potensialı ilə bağlı oldu. Ötən il dörd dəfə, iki dəfə ABŞ səfirinin özü, iki dəfə də səfirliyin nümayəndələri ofisimizdə olublar. Müəyyən fikir mübadilələri aparmışdıq. Beynəlxalq praktikada bunlar normal bir şeylərdir. Ölkədə fəaliyyət siyasi qurumların, vətəndaş cəmiyyətinin nümayəndələri ilə belə görüşlər normaldır. Biz siyasi təşkilatıqsa, əsas məqsədlərimizdən də biri də belə görüşlərin keçirilməsidir. Başqa nə işlə məşğul olmalıyıq? Belə görüşlər bizim fəaliyyətimizin bir qanadıdır. Əslində REAL-ın hədəfə alınması bu günün işi deyil. REAL yarandığı gündən dəfələrlə basqılarla üz-üzə qalıb. Bu ilk dəfə deyil ki, sədrimiz 4 ildir həbsdədir. Fevralın 4-də İlqar Məmmədovun həbsinin 4 ili tamam olacaq. Ötən ilin avqust ayında mənimlə bağlı da həbs qərarı verilmişdi. Sonrada qərar dəyişdirilsə də, hələ də cinayət işi bağlanmayıb. Mənim nəinki ölkəni, heç Bakını belə tərk etməməyimlə bağlı qərar var. İdarə Heyətinin digər üzvləri ilə bağlı da cinayət araşdırmaları olub. Təəssüflər olsun ki, bu ilk olmadığı kimi, son da deyil. REAL tam açıq və şəffaf təşkilatdır. REAL-la istənilən mövzuda fikir mübadiləsi aparmaq istəyənlərlə görüşə biz hazırıq”.

N.Cəfərli Azərbaycan-İran əlaqələrinə bu olayın ciddi zərbə vura biləcəyini də vurğuladı: “İranla son zamanlar normal münasibətlər qurulmuş, qonşu ölkədən yüksək rütbəli nümayəndələr ölkəmizə gəlib, Azərbaycan rəhbərliyi ilə görüşlər keçiriblər. Azərbaycan böyük bir layihənin – ”Şimal-Cənub\” layihəsinin əsas investorlarından və təşəbbüskarlarından biridir. Hətta deyərdim ki, çox doğru təşəbbüsdür. İranla əlaqələrin artması çox normaldır. Azərbaycanın qonşu dövlətidir və 80 milyonluq bazardır. Gələcəkdə ölkə iqtisadiyyatını inkişaf etdirmək istəyiriksə, bu bazardan istifadə etməliyik. 80 milyonluq bazar gələcəkdə bizim iqtisadiyyata yüksək töhfələr verər. Bu nöqteyi-nəzərdən əlaqələrin genişlənməsi normaldır. Dövlət tərəfindən də bu yöndə müsbət addımlar atılır. İran səfirliyinin nümayəndəsi ofisimizə gəldiyi gündə İranın iki naziri ölkəmizdə səfərdə idi. Cənab prezident və nazirlərlə görüşdü. Belə əlaqələrin fonunda bir şəxsin yazısı ilə araşdırmaların aparılması gələcəkdə ölkələrarası münasibətlərə xələl gətirə bilər\”.

İnterpress.az