REAL hərəkatı funksionerlərinin Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilmə prosesləri davam edir. Hərəkatın idarə heyətinin üzvü Azər Qasımlının ardınca qurumun icraçı katibi Natiq Cəfərli yanvarın 30-da ifadə verib.
Bu barədə “Yeni Müsavat”a açıqlamasında N.Cəfərli 2 saat yarımdan çox dindirildiyini bildirib: “İran səfirliyinin nümayəndəsinin REAL-a gəlməsi ilə bağlı suallar oldu. Sualların hər birinə necə vardısa, elə də cavab verdik. Bildirdim ki, bizim xalq və dövlətdən gizli bir məsələmiz yoxdur.
Azər Qasımlıya verilən suallar tipində aşağı-yuxarı suallar verildi. Səfirliyin nümayəndəsi ilə görüşün məğzi, hansı mövzuların müzakirə edildiyi barədə suallar idi. Təqribən 2 saat yarım çəkdi. Söhbət əslində çox mədəni ortamda keçdi. Özümə qarşı hər hansı bir təzyiq, xüsusi bir münasibət görmədim. Normal, mədəni şəraitdə dindirmə prosesi aparıldı. İlqar Məmmədovla bağlı xüsusi suallar verilmədi. Deyilən məbləğlə bağlı sual olmadı. Özləri də bilirdilər ki, bu sual əhəmiyyətsizdir. Amma onların işi idi. Bu baxımdan, dedilər ki, maliyyə yardımı olubmu? Belə bir şeyin mümkünsüzlüyü barədə cavabımı verdim. Araşdırmaların davam etdiyini dedilər. Ehtiyac yaranarsa, yenidən çağıracaqlar”.
REAL funksioneri İran səfirliyinin məsələ ilə bağlı susqunluğu barədə bunları deyib: “Bu onların daxili işidir. Bu barədə bir söz deyə bilmərəm. Amma hər halda, ehtiyac duyarlarsa, özlərinə qarşı iddialara cavab vermək istəyərlərsə, mətbuat vasitəsilə mövqe bildirə bilərlər. Diplomatik nümayəndəlikdir, özləri bilər. Onların yerinə heç nə deyə bilmərəm. Nə baş vermişdisə, mətbuata açıqlama vermişik, rəsmi məlumat yaymışıq”.
İran səfirliyinin mövqeyini öyrəndik. Nümayəndəliyin məsul şəxsi ehtiyac yaranarsa, mövqe bildirəcəklərini söylədi.
Xatırladaq ki, REAL funksionerləri- Natiq Cəfərli, Azər Qasımlı və Erkin Qədirli ilə İranın ölkəmizdəki səfirinin ikinci katibi Mehdi Arifzadə arasında hərəkatın ofisində yanvarın 19-da görüş keçirilib. Bu barədə REAL özü də sosial şəbəkələrdə məlumat yayıb. Görüşdən 8 gün sonra, yəni yanvarın 27-də virtualaz.org saytında “İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı” başlıqlı məqalə verilib. Məqalədə REAL-çıların İran səfirliyi və müxalif “milli-demokratlar” arasında vasitəçilik etməyə boyun olaraq, üstəlik, İrandan ilk maliyyə dəstəyi də aldıqları barədə şok iddialar var. Bundan sonra Baş Prokurorluq araşdırmalara başlayıb.
İnterpress.az