“Rusiya vaxt qazanmaq üçün Ukrayna ilə danışıqlara başlaya bilər”.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan bildirilib.
Qeyd olunub ki, yalnız bu versiya – gələcək hücum əməliyyatları üçün vaxt qazanmaq istisna olmaqla Kremlin Kiyevlə sülh danışıqlarına girmək ehtimalı azdır.
Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin hələ də döyüş meydanında maksimalist məqsədlərinə nail ola biləcəyinə inanır: “Ukraynaya təzyiqlər məhz bu səbəbdən mənasızdır”.
Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl Ukrayna rəsmilərini müharibənin diplomatik həllini gecikdirməkdə günahlandırıb. Onun sözlərinə görə, rəsmi Kiyevin bu savaşda hərbi yolla qalib gələ bilməyəcəyini anlamasının vaxtı çatıb.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü bərpa olunmadan müharibə bitməyəcək.