Almaniyada dövlət çevrilişi planlaşdırdığı iddia edilən “İmperator Vətəndaşları” (Reyxsbürger) üzvlərinə qarşı aparılan istintaq çərçivəsində 280 yerə basqın edildiyi bildirilib. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Münhen Prokurorluğu və polisin verdiyi açıqlamaya görə, 8 ştatda eyni vaxtda keçirilən reydlərdə axtarışlar zamanı bu təşkilatla əlaqəli şəxslərə qarşı dəlillər toplanıb.
Münhen Prokurorluğunun təlimatı ilə həyata keçirilən reydlərdə şübhəlilərin Bavariya, Baden-Vürtemberq, Hessen, Şimali Reyn-Vestfaliya, Şlezviq-Holşteyn, Brandenburq, Hamburq və Aşağı Saksoniya əyalətlərində 280 yeri axtarılıb.
Dövlət çevrilişinə cəhddə ittiham olunaraq istintaqa cəlb olunan müttəhimlər cinayət təşkilatı yaratmaqda şübhəli bilinirlər.
2022-ci ilin dekabrında keçirilən əməliyyat zamanı ələ keçirilən və hələ də həbsdə olan müttəhimlərin “terror təşkilatına üzv olmaq” və ya “terror təşkilatına dəstək vermək” ittihamları ilə mühakimə olunacağı gözlənilir.
– Reichsbürger nədir?
Daxili kəşfiyyat hesabatına görə, özünü “Alman İmperiyası (Reichsbürger) vətəndaşları” hesab edənlərin sayı 23 min civarındadır. 2100 üzvü zorakılıq tətbiq etməyə hazır olan qrup Almaniyanı legitim dövlət kimi tanımır.
Üzvlərin bəziləri monarxiya altında Almaniya imperiyası ideyasına sadiqdirlər, bəziləri isə nasist tərəfdarıdır. Bəzi üzvlər hesab edir ki, Almaniya hələ də hərbi işğal altındadır.