Almaniyada Konstitusiya Məhkəməsi messencerlər vasitəsilə nəzarəti məhdudlaşdırıb. indi buna yalnız ağır cinayətlər işində icazə verilir.
İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Almaniyanın Federal Konstitusiya Məhkəməsi “dövlət troyanları” adlanan proqramların — WhatsApp və digər messencerlərdə yazışmalara nəzarət etməyə imkan verən proqramların istifadəsini kəskin şəkildə məhdudlaşdırıb.
İndi polis yalnız xüsusilə ağır cinayətlər – məsələn, terrorizm, qətl və ya mütəşəkkil dəstələrin fəaliyyəti zamanı telefonlara casus proqramı quraşdıra biləcək.
Karlsrue məhkəməsi izah edib ki, nəzarət indi maksimum üç ilə qədər cəzası olan cinayətlər üçün istifadə edilə bilməz.
Bu o deməkdir ki, oğurluq və ya dələduzluq kimi az ağır hallarda smartfonlara gizli giriş insan hüquqlarının pozulması kimi qiymətləndiriləcək.
Məhkəmənin qərarında deyilir: “Rəqəmsal məxfiliyə bu cür dərin müdaxilə, ciddi cinayətlərdən danışmırıqsa, qeyri-mütənasibdir”.
Prosesə səbəb hüquq müdafiəçilərinin şikayətləri olub.
Rəsmi statistikaya görə, 2023-cü ildə Almaniyada məhkəmələr gizli onlayn müşahidə üçün 104 icazə verib, lakin cəmi 62 iş icra olunub. Söhbət əsasən cinayətkar qrup yaratmaq ittihamlarından gedirdi.
Xuraman Etibarlı
İnterpress.az