Alman şin və avtomobil hissələri istehsalçısı Continental 2025-ci ildən başlayaraq ildə 400 milyon avro qənaət etmək planı çərçivəsində avtomobil şöbəsində minlərlə insanı işdən çıxaracağını açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Şirkətin 2025-ci ildən başlayaraq ildə 400 milyon avro xərclərə qənaət etmək planı var.
Buna nail olmaq üçün şirkətin bütün bölmələri və bütün səviyyələri, o cümlədən ixtisarları əhatə edən geniş spektrli tədbirlər hazırladığı bildirilib və ixtisarların dəqiq sayının hələlik dəqiqləşmədiyi vurğulanıb.
Continental-ın avtomobil bölməsinə cavabdeh olan İdarə Heyətinin üzvü Philipp von Hirschheydt məsələni dəyərləndirərkən, tədbirlərin avtomobil sənayesinin rəqabət qabiliyyətini gücləndirmək üçün vacib olduğunu vurğulayıb.
Alman mətbuatında çıxan xəbərlərdə Continental-ın avtomobil departamentində planlaşdırılan ixtisar sayının 5500 civarında ola biləcəyi və bunlardan 1100-dən çoxunun isə şirkətin Almaniyadakı 30 nöqtəsində olacağı iddia edilib.
Qrupda 2022-ci ilin sonuna kimi 57 ölkədə 200 min işçi çalışır.