Azərbaycan Mərkəzi Bankı (AMB) İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə 12 bölgü üzrə xidmətlər ticarətinin statistikasını aparır.
İnterpress.az xəbər verir ki, bunu AZPROMO-nun nümayəndəsi Malik Səlimxanov Bakıda keçirilən “Ticarətdə qeyri-tarif maneələri” mövzusunda tədbir çərçivəsində təşkil olunmuş “Azərbaycanda informasiya və texnologiya sektoru: problemlər və imkanlar” adlı dəyirmi masada bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə beynəlxalq təcrübə öyrənilib: “Ümid edirik ki, növbəti ildən yeni çərçivədə və metodika ilə xidmətlərin statistikası aparılacaq”.
Xatırladaq ki, AZPROMO və Beynəlxalq Ticarət Mərkəzinin (BTM) birgə təşkilatçılığı ilə “Malların və xidmətlərin ticarəti zamanı qeyri-tarif maneələri” adlı tədbir dünən öz işinə başlayıb.Tədbirdə Avropa İttifaqının (Aİ) təşəbbüsü olan “EU4Business” və BTM tərəfindən icra edilən Şərq Tərəfdaşlığının Ticarətə Yardım Masası layihəsi çərçivəsində BTM tərəfindən Azərbaycanda ticarət zamanı qeyri-tarif maneələrinin müəyyən edilməsi məqsədilə aparılan biznes sorğunun nəticələri iştirakçılara təqdim olunub, müəyyən olunan maneələrin aradan qaldırılması üçün dəyirmi masa formatında interaktiv müzakirələr həyata keçirilib.