“Türkiyə-ABŞ münasibətlərinin pisləşməsi, Türkiyənin iqtisadi baxımdan zəifləməsi, türk lirəsinin dollar qarşısında dəyərdən düşməsi hər kəsdən çox Yunanıstanın maraqlarına uyur”.
Bu sözləri Türkiyə ilə Rusiya arasında S-400 raketlərinin alışına dair müvafiq razılaşmanı dəyərləndirən siyasi şərhçi Turan Rzayev İnterpress.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, razılaşmaya əsasən Rusiya Türkiyəyə S-400 raketlərinin birinci partiyasını verib. Bundan əlavə, raketlərin istifadəsi üçün kadrların hazırlanması da razılaşmada əks olunub:
“Məsələ ondadır ki, vaxtilə Türkiyənin Rusiyadan S-400 raketlərini alması Ankara ilə Vaşinqtonun arasını açdı. Türkiyənin bu məsələdə geri addım atmaması, S-400-lərin birinci hissəsini alması ABŞ-ın Türkiyəyə iqtisadi sanksiyalar tətbiq etməsi ilə nəticələndi. Hətta deyə bilərəm ki, Türkiyə lirəsinin ABŞ dolları qarşısında son zamanlar dəyər itirməsinin bir səbəbi də məhz budur.
Türkiyə-ABŞ münasibətlərinin pisləşməsi, Türkiyənin iqtisadi baxımdan zəifləməsi, türk lirəsinin dollar qarşısında dəyərdən düşməsi hər kəsdən çox Yunanıstanın maraqlarına uyur. Əks təqdirdə Peskova Rusiyanın Türkiyəyə S-400 raketlərinin II partiyasını göndərib-göndərməyəcəyi ilə bağlı sual ünvanlanmazdı.
Hesab edirəm ki, Afina mövcud ABŞ-Türkiyə gərginliyini daha da artırmaq, rəsmi Vaşinqtonun Ankaraya iqtisadi sanksiyalarını artırmasını istəyir. Dmitri Peskov kifayət qədər təcrübəli diplomatdır. Təsadüfi deyil ki, yunan jurnalistin sualının provokasiya xarakterli olduğunu başa düşüb. Peskov ABŞ faktorunu nəzərə alaraq qeyd edib ki, “Biz bilirik ki, ABŞ sanksiyalar oyununu oynamağı xoşlayır, baxmayaraq ki, heç vaxt məqsədlərinə çatmırlar. Bununla belə, bizim siyasətimiz müxtəlif ölkələrlə, xüsusən də tərəfdaşlarımızla əməkdaşlığa açıq olmaqdır”.
Turan Rzayev bildirib ki, Türkiyə Rusiya deyil. Rusiya dünyanın ən nəhəng təbii qaz və silah satışı edən ölkələrindəndir. Yəni bu ölkə sanksiyalar qarşısında müəyyən mənada dura bilər. Türkiyə isə sənayesi yeni-yeni güclənən, dünya bazarına çıxan ölkədir. Mövcud sanksiyalar qarşısında Ankara və Moskvanın duruş qabiliyyəti eyni deyil:
“Türkiyə indiki halda S-400-ləri almaqda israrlıdır. Məsələ bundadır ki, Ankara bundan imtina edə bilməz. Çünki hava hücumundan müdafiə siteminə ehtiyacı var. Lakin bununla belə Ankaranın ən qısa zamanda Vaşinqtonla ortaq məxrəcə gəlməsi lazımdır. ABŞ sanksiyaları və lirənin dollar qarşısında dəyər itirməsi indiki tempdə davam etsə, bu, Türkiyə iqtisadiyyatını 90-cı illər həddinə qədər gerilədə bilər. Bu isə ilk növbədə Yunanıstana sərf edəcək”.
Gülşən