Atatürkün xatirəsi Bakıda anılıb, fotosərgi keçirilibbackend

Atatürkün xatirəsi Bakıda anılıb, fotosərgi keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 85-ci ildönümü Bakıda anılıb.

İnterpress.az-ın xəbərinə görə, Atatürkün abidəsi önündə keçirilən anım mərasimində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, səfirliyin əməkdaşları, qardaş ölkənin dövlət qurumlarının nümayəndələri və tələbələr iştirak ediblər.

Tədbirdə Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclik və ətraf mühit naziri Fikri Ataoğlu da iştirak edib.

Əvvəlcə Atatürkün xatirəsi birdəqiqəlik sükutla yad edilib, daha sonra səfirlik binasında Türkiyə bayrağı yarıya qədər endirilib. F.Ataoğlu və C.Bağcı abidə önünə əklil qoyublar.

Mərasimdə Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib.

C.Bağcı çıxışında Atatürkün işğala, zülmə boyun əyməyərək böyük türk millətini milli istiqlal və azadlıq mübarizəsi ruhunda birləşdirdiyini, Anadolunun azad edilməsinə rəhbərlik etdiyini deyib. Türklərin düşmən işğalına son qoymasından və cümhuriyyətin qurulmasında türk xalqının göstərdiyi şücaətdən bəhs edib.

Atatürkün müstəqil yaşamaq iradəsinin məzlum xalqların azadlıq və istiqlal mübarizələrinə nümunə olduğunu bildirən səfir əlavə edib ki, Qazi Mustafa Kamal Atatürk ülvi hissləri ilə millətinə bağlı, istiqlal, müdafiə və sevgini hər şeydən üstün tutan bənzərsiz bir dövlət xadimidir: “Atatürkün ən böyük əsəri olaraq xarakterizə etdiyi cümhuriyyətin 100-cü ildönümünü qeyd etməkdən qürur duyuruq. Bu gün Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında hörmətli, problemləri həll edən, regional və qlobal səviyyədə qlobal ədalətsizliklərə qarşı ədalətin müdafiəçisi olan güclü dövlətdir”.

Şimali Kipr Baş nazirinin müavini Fikri Ataoğlu jurnalistlərə açıqlamasında bildirib ki, bu yaxınlarda Mustafa Kamal Atatürkün qurduğu cümhuriyyətin 100-cü ildönümü qeyd edilib: “Cümhuriyyəti daim yaşatmaq türk milləti olaraq borcumuzdur. Atatürkün vəfatının 85-ci ildönümünün Azərbaycanda anılması bütün türk millətinin Atatürkə sədaqətinin göstəricisidir. Atatürkü rəhmət və minnətlə yad edirəm”.

Eyni zamanda Türkiyənin Azərbaycandakı səfirliyində azərbaycanlı rəssam Ramil Əhmədovun Atatürklə bağlı rəsm sərgisi və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş fotosərgi də keçirilib.