Avtosfer.az-dan yol polislərinə bayram hədiyyəsi – FOTO – VİDEObackend

Avtosfer.az-dan yol polislərinə bayram hədiyyəsi – FOTO – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2 İyul – Polis Günü münasibəti ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi və Avtosfer.az saytının təşəbbüsü ilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsində tədbir keçirilib.
Tədbirdə idarə rəhbərliyi, ictimai təşkilatların rəhbərləri, polis əməkdaşları iştirak edib.
Bakı şəhər DYP İdarəsinin rəis müavini, polis polkovniki Malik İbrahimov çıxış edərək qonaqları salamlayıb və peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edib. Bildirib ki, bu gün polisin fəaliyyəti, dövlətimiz və dövlətçiliyimizin keşiyində layiqincə dayanması xalqımız tərəfindən təqdir olunur.
M.İbrahimov onu da əlavə edib ki, yol polisləri daim cəmiyyətlə təmasdadır və qanunun aliliyinin təmin olunması, təhlükəsizliyə nəzarəti həyata keçirir.
Tədbirdə çıxış edən “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı qeyd edib ki, artıq 10 ildir ki, Polis Günü münasibəti ilə tədbirlərin keçirilməsi ənənə halını alıb. Bu il tədbirin narkomaniyaya qarşı həsr olunması isə təsadüfi deyil. Narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşən sürücülərin sayında artım müşahidə olunduğunu diqqətə çatdıran E.Muradlı onların aşkarlanmasında xidmətləri olan DYP əməkdaşlarına təşəkkürünü də bildirib.
E. Muradlı yol polislərinə peşələrində daim ayıq-sayıq və təmkinli olmağın vacibliyini bildirib və insanların təhlükəsizliyi üçün fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra çıxış edən DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev qeyd edib ki, cəmiyyət hər zaman öz polisinə güvənir. “Daim xalqımızın təhlükəsizliyi üçün çalışırsınız. Xüsusilə DYP əməkdaşları gecə və gündüz bilmədən çalışırlar. Mən yol polislərinə səbir, təmkin arzulayıram. Bu çətin işinizdə sizlərə uğur olsun.”
Çıxış edən “Müasir Nəqliyyatçılar” İctimai Birliyinin sədri, hüquqşünas Ərşad Hüseynov qeyd edib ki, bu tədbirin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. “Daha çox sevindirici hal odur ki, bu il ərazi bütovlüyümüz təmin olunub. Bu bizi sevindirir. Torpaqların işğaldan azad olunmasında polislərin də payı çoxdur. Dövlətimizin güclü olması təbii ki, bizi sevindirir. Polis də bu dövlətin bel sütunudur. Ölkəmizdə asayişin qorunmasında yol polislərinin payı daha çoxdur.”
Sonda çıxış edən təqaüddə olan polis polkovniki Vaqif Əsədov Azərbaycan polisinin yaranmasının 104-cü ili münasibəti ilə bütün şəxsi heyəti, kollektivi təbrik edib. Bildirib ki, yol polisləri daim insanların həyat və sağlamlığının qorunmasında müstəsna xidmətlər göstərir.
Sonda xidmətdə fərqlənən əməkdaşlara Avtosfer.az və Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən hazırlanmış diplomlar, eləcə də Azərsun Holdinq və Sirab şirkətlərinin hədiyyələri təqdim olunub.