Azərbaycan millisi noyabrın 12-də Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçiriləcək Avropa çempionatında mübarizə aparacaq.
Boks Federasiyasından İnterpress.az-a verilən məlumata görə, 8 gün davam edəcək yarışda ölkəmizi 16 idmançı təmsil edəcək.
Kişilərdən ibarət yığmanın məşqçiləri Elbrus Rzayev və Ravşan Xocayev çempionatda Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Əzrək Bəbirov (57 kq), Maqsud Xasmetov (60 kq), Cəlal Qurbanov (63,5 kq), İlqar Salahov (67 kq), Rəşid Həsənov (71 kq), Daniel Xolostenko (75 kq), Murad Allahverdiyev (80 kq), Seyid Seyidov (86 kq), Mirxəyal Məmmədov (92 kq) və Aslan Mövsümova (+92 kq) şans verəcəklər.
Qadınlardan ibarət komandanın məşqçisi İlkin Ağayev isə 3 boksçunu sınaqdan keçirəcək. Təmsilçilərimizdən rinqə Mehparə Məmmədova (48 kq), Marjona Savriyeva (50 kq) və Zeynəb Rəhimova (54 kq) çıxacaqlar. Budvada hakimlər sırasında həmyerlimiz Elxan Quliyev də yer alacaq.
Qeyd edək ki, Avropa çempionatının püşkü sabah atılacaq. Bu gün Monteneqroya yollanan yığmamız noyabrın 20-də Bakıya qayıdacaq.