Azərbaycan Prezidentindən dünyaya liderlik dərsi – ŞƏRHbackend

Azərbaycan Prezidentindən dünyaya liderlik dərsi – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın böyük uğurlarla keçirdiyi 2024-cü ilin son günlərində baş verən təyyarə qəzası hamımızı sarsıtsa da, bir sıra məqamlar dövlət və millət olaraq yeni qürur tariximizə çevrildi.

Bu hadisə bir daha sübut etdi ki, bizim yerdə Vətənimizin hər qarışını göz bəbəyi kimi qoruyan qəhrəmanlarımızla bərabər, səmaya hökm edən, başqalarının sağ qalması naminə, sevə-sevə ölümə doğru gedən şahinlərimiz, igid oğullarımız, qızlarımız var. Amma ən vacibi Azərbaycan lideri bir daha dünyaya “nəyi nə vaxt etməyi, nəyi nə vaxt deməyi” sübut etdi.

Dövlət başçısının rəsmi televiziyaya müsahibəsi bir çox qaranlıq məqamların aydınlaşmasında müstəsna rol oynaydı. İlham Əliyevin həlak olan ekipaj üzvlərinin ailələrinə başsağlığı verdikdən sonra AZAL-ın təyyarəsinin fonunda verdiyi müsahibə yalnız Rusiyanın, onun çirkli əməllər törədən dairələrinin hadisəni ört-basdır etmə planlarını puç etmədi, həmçinin sərhədlərimizin daxilində və xaricində yaşayan “sapı özümüzdən olan balta”ların da iddialarını alt-üst etdi.

Azərbaycan lideri müsahibəsində hələ də cavabı tapılmayan sualları səsləndirib: Təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərib? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli olub? Dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb? Nə üçün yaxında olan hava limanlarına təyyarə eniş cəhdi etməyib?

Hadisənin ilkin detallarının ortaya çıxmasından sonra bəzi dairələr, xüsusilə daxildəki və xaricdəki söyüş müxalifəti Prezident İlham Əliyevin bu məsələdə Putinin qarşısında geri çəkiləcəyini iddia edirdi. Onlar Azərbaycanın Rusiyadan çəkinəcəyini, hadisənin ört-basdır ediləcəyini yüksək səslə deyirdilər. İndi səsləri kəsilib!

Prezident İlham Əliyev bu prinsipial mövqeyi ilə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə Azərbaycan dövlətinin güclü liderə sahib olduğunu nümayiş etdirdi. Rusiya tərəfi artıq üzr istəyib, amma Azərbaycanın qalan tələbləri – təzminatın ödənilməsi və günahkarların cəzalandırılması – hələ də gündəmdədir.

İlham Əliyevin bu hadisədə sərgilədiyi davranış əsl liderlik nümunəsidir. Dövlət başçısı təxribatçı çağırışlara cavab vermədən, emosiyalara qapılmadan, soyuqqanlı və qətiyyətli şəkildə məsələnin həllinə yönəlmiş addımlar atdı. Bir çox ölkə liderlərinin çətinlik çəkdiyi vəziyyətlərdə İlham Əliyev Azərbaycanın müstəqil siyasət yürüdən, öz maraqlarını qətiyyətlə qoruyan bir dövlət olduğunu sübut etdi. Prezident İlham Əliyev göstərdi ki, o, əsl lider və müstəqil ölkənin başçısı olaraq öz xalqının və dövlətinin maraqlarını qətiyyətlə müdafiə edir.

Beləliklə, bəlkə də tarixdə ilk dəfə olaraq özünü superdövlət hesab edən Rusiya hansısa başqa bir dövlətdən rəsmi qaydada üzr istəməli oldu. Halbuki, 2010-cu ildə Polşa Prezidenti Lex Kaçinski və xanımı Mariya Kaçinskinin də olduğu təyyarə Smolensk-Severnı aerodromunda müəmmalı şəkildə qəzaya uğramışdı. Prezident və Polşanın ali dövlət strukturlarının rəhbərləri də daxil olmaqla təyyarədə olan 96 nəfərin hamısı ölmüşdü. Lakin o zaman istintaq araşdırmaları qəzanın kənar müdaxilə səbəbindən baş verdiyini sübut etsə də, Rusiya Polşadan nə üzr istəmişdi, nə də konpensasiya ödəmişdi. Bu mənada bəhs etdiyimiz nüans çox vacibdir və bu məqam Azərbaycan Prezidenti İlham Əliyevin sözün tam mənasında müstəqil və çox doğru daxili və xarici siyasət yeritdiyinin, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində real güc və nüfuz sahibi olduğunun əyani göstəricisidir. Prezidentin hadisə ilə bağlı tutduğu prinspial mövqe onun üçün milli maraqlarımızın hər şeydən yüksək olduğunu növbəti dəfə təsdiq etdi.

Tənzilə Rüstəmxanlı
Milli Məclisin deputatı