Azərbaycanda siyasəti çayxana səviyyəsinə kim düşürüb? – Partiya sədrindən açıqlamabackend

Azərbaycanda siyasəti çayxana səviyyəsinə kim düşürüb? – Partiya sədrindən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda siyasi proseslərə maraq yüksək olsa da, siyasi fəaliyyətlə məşğul olan insanların sayı bir o qədər də çox deyil. Hakim Yeni Azərbaycan Partiyası istisna olmaqla digər siyasi təşkilatların üzvlərinin sayına nəzər yetirdikdə buna bir daha əmin oluruq. 

Niyə xeyir-şərdə, taksidə, ictimai nəqliyyatda, çayxanada siyasi mövzulardan həvəslə danışan, rəy verən, mülahizə yürüdən insanlar peşəkar siyasətlə məşğul olmurlar.

Buna səbəb nədir? Azərbaycanda siyasəti çayxana səviyyəsinə kim düşürüb?

Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyev Yenisabah.az-a açıqlamasında deyib ki, ictimai yerlərdə siyasətdən danışılması normaldır:

“Azərbaycanda 60-dan çox siyasi partiya var. Qeydiyyata alınıb və fəaliyyət göstərir. Hər kəsin öz elektoratı var. Müharibə zamanı da birlik nümayiş olundu. Hamı birlikdə ümumi bəyanatlar qəbul etdi, dialoq mühitində çalışdı. Siyasətçilər alternativlər, qanun layihələri təklif edirdilər.

Siyasi mühit yerindədir. Amma kimsə ictimai nəqliyyatda, çayxanada siyasətdən danışırsa bu normal bir şeydir. İnsanlar ictimai yerlərdə siyasətdən danışmalıdırlar və danışırlar da. Bunda bir qəbahət yoxdur”.

Fərəc Quliyev qeyd edib ki, Azərbaycanda siyasi mühiti belə aşağılamaq doğru deyil:

“Azərbaycanda kifayət qədər təcrübəli siyasətçilər var. Parlamentdə 10-a qədər müxalifət partiyası təmsil olunur. Onların rəhbərləri və üzvləri müəyyən komitə sədrlərinin müavinləridirlər. Hətta bu parlamentdə spikerin müavini səviyyəsində də təmsil olunur. Bunlar hamısı normaldır.

Azərbaycan siyasi mühitindən kimsə danışırsa, burada qəbahət yoxdur. İstənilən ölkədə siyasi mövzularda danışmaq ictimai yerlərdə normal sayılır. Siyasətdən elə ictimai yerdə danışarlar da… Siyasətdən danışmaq qadağan deyil. Hamı siyasi partiyaların üzvü ola bilməz ki…”

Sədrin sözlərinə görə, siyasətdə barış mühiti olmalıdır:

“Siyasətdə barış mühiti olmalıdır. Alternativlər təklif olunmalı, tənqidlər təhqir səviyyəsinə çatmamalıdır. Bir-birilərinin mövqeylərinə qərəzli yanaşma olmamalıdır. İqtidarın uğurları varsa, bu uğurları qəbul etmək lazımdır.

Cəmiyyətimiz kamilləşməlidir. Arzu edirəm ki, siyasi palitrada dözümlülük, tolerantlıq olsun. Bir-birilərinin uğurlarını qəbul etsinlər. Qısqanc münasibət olmasın və siyasi mübarizə fərdi düşmənçiliyə çevrilməsin. Düşüncə savaşı olsun”.