Azərbaycanda təcavüzə uğramış oğlanların sayı açıqlandıbackend

Azərbaycanda təcavüzə uğramış oğlanların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər azyaşlılara təcavüzlə bağlı xəbərlər yayılır. Xüsusilə qohumları tərəfində zorakılıq görən uşaqlar var.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Günel Nağdəliyevanın sözlərinə görə, hazırda uşaqlara qarşı zorakılığın profilaktikasının üç səviyyəsi müəyyən edilir:

“İlkin profilaktika, ikinci dərəcəli profilaktika, üçüncü dərəcəli profilaktika. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, dünyada hər il 1 milyon 500 min uşaq zorakılığa məruz qalır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq zorakılığının qarşısının alınması istiqamətində hazırladığı təkliflər əsasında qanunvericilik bir qədər sərtləşdirilib.

Bu tip cinayətlərin 14 yaşına çatmayanlara qarşı törədilməsinə və habelə əməlin yetkinlik yaşına çatmayanı tərbiyə etmək və ya ona nəzarət etmək vəzifəsi daşıyan şəxslər tərəfindən törədilməsinə görə, Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153-cü (əxlaqsız hərəkətlər) maddələrində daha ağır cəza müəyyən edilib.

Qanunvericiliyə əsasən, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaya görə (zor tətbiq etmədən) üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, uşaq 14 yaşadək olduqda bu müddət üç ildən altı ilədək müəyyən edilib”.

Komitə rəsmisi bildirib ki, qurum tərəfindən “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsi işlənib-hazırlanıb:

“Onlar Milli Məclis tərəfindən qəbul edilib. Sözügedən normativ sənəddə məhz uşaqların məişət zorakılığından qorunması ilə bağlı müddəalar nəzərdə tutulub, mühafizə orderinin müəyyən edilməsi, zərər çəkmiş uşaqların sosial qayğı ilə təmin edilməsi üçün tədbirlərin görülməsi məsələləri öz əksini tapır.

Məişət zorakılığının qarşısının alınması istiqamətində təlimlər keçirilir. Təlimlərdə məişət zorakılığı baş verəndə müraciət etmə qaydaları, mühafizə orderi və s. haqqında ətraflı məlumat verilir. Maarifləndirmə xarakterli çap materialları dərc edilir”.

Günel Nağdəliyeva qeyd edib ki, uşaqların təlim-tərbiyəsi sahəsində valideynlərin məsuliyyətinin gücləndirilməsinə olan zərurət nəzərə alınaraq 2015-ci ildə bu istiqamətdə müvafiq qanunvericilik sənədlərində islahatlar aparılıb:

“Bütün bu tədbirlərin nəticəsi olaraq ölkəmizdə uşaqlara qarşı zorakılıqla müşayiət olunan cinayətlərin sayında, avaraçılığa və dilənçiliyə cəlb edilən uşaqların sayında, erkən nikah və təhsildən yayınma hallarının sayında azalma müşahidə edilib”.

Azərbaycan Uşaqlar Birliyinin sədri, hüquq müdafiəçisi Kəmalə Ağazadə bildirib ki, bu gün uşaq böyüdən tək analar daha çoxdur:

“Onlar işləyir və uşaq diqqətdən kənarda qalır. İkinci dəfə ailə həyatı quran zaman da uşaq özünü tərk edilmiş hiss edir. Azərbaycanda uşaqların hüquqları üçün sosial xidmətlər yaradılmalıdır. Həssas ailələrlə iş aparılmalıdır.


Valideynlərə izah etmək lazımdır ki, bir uşağa qarşı zorakılığı gizlətməklə böyük səhv edirlər. Onlara yardım edilməsə, qorxaq, gələcəkdə xəyanətkar insan, ya da qatı cinayətkar kimi formalaşacaq.

Çünki ona qarşı zorakılıq olub. Hər bir zorakılıq faktı olan cinayəti araşdıranda məlum olur ki, həmin şəxs uşaq vaxtı travmalar alıb”.

Kəmalə Ağazadə qeyd edib ki, zorakılığa məruz qalan uşaqlarla ilk ünsiyyəti valideynləri yaradır:

“İkincisi, vaxtının çox hissəsini keçirdiyi tədris müəssisəsidir. Məktəbdə müəllim uşaqla ünsiyyəti zamanı onun narahatlığını, susqunluq görərsə, məsələni araşdırmalı, ailə ilə danışmalıdır.

Çünki bir çox hallarda uşaqların zorakılıq faktları gizli qalır. Uşağı şiddət gördüyünü hiss edən psixoloqu ailəni, İcra Hakimiyyətlərinin tabeliyində olan qəyyumluq komissiyasını və hüquq-mühafizə orqanlarını dəvət etməli, onların hüquqları qorunmalıdır.

Zorakılığa məruz qalan uşaq bu faktı gizlədə bilər. Çünki uşaq düşünür ki, o, bunu desə, yalançı adlandıracaqlar. Ona qarşı cinayət törədən, zorakılıq edən hər bir şəxs “sənə kim inanacaq” deyərək ona psixoloji təzyiq edir. Ailə və qurumlar birlikdə əməkdaşlıq edərsə, problem həll olunacaq”.

“Ümidli Gələcək” Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumova bildirib ki, həm qızlar, həm də, oğlanlar cinsi zorakılığa məruz qalır:

“Bu cür uşaqların reabilitasiyası zamanı ailəsinə, cəmiyyətə qaytarılmasına çalışılmalıdır. Təəssüflər olsun ki, bizim cəmiyyətdə uşaqlar bu barədə məlumat verməyə qorxur, ailənin xəbəri olmur.

Təhsil ocaqları bu cür mənfi hallarla bağlı məlumatları gizlədirlər. Ona görə də həmin halların baş verməməsi üçün çalışmalıyıq ki, uşaqlarla mütəmadi ünsiyyət quraq, maarifləndirmə işləri aparaq.

Təəssüf ki, bütün Azərbaycanı əhatə edə bilmirik. Valideynin də uşaqla münasibəti normal olmalıdır. Onlar elə şərait yaratmalıdır ki, uşaq onlara bütün çətinliklərini, problemlərini bildirsin. Zorakılıqla bağlı fəaliyyət göstərən xidmət mərkəzləri, dövlət qurumları barədə ailələr məlumatlı olmalıdır ki, uşağın taleyinə xələl gətirilmədən travmanın aradan qaldırılmasında onlara dəstək göstərilsin”.

Kəmalə Aşumova qeyd edib ki, 2011-2017-ci ildə sosial reabilitasiya mərkəzində 670 cinsi zorakılığa məruz qalmış uşaqla işləmişik. Onlardan altı nəfəri oğlan olub”.