“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 2022-ci ili 26,739 milyon manat xalis mənfəətlə başa vurub.
İnterpress.az xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 13,1 % çoxdur.
Ötən il “Azərpambığ”ın vergiyəqədərki mənfəəti 28,462 milyon manat (əvvəlki ilə nisbətən 4,7 % az), mənfəət vergisi ödəmələri isə 1,723 milyon manat (3,6 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Azərpambığ”ın aktivləri 228,092 milyon manat olub ki, bu da illik müqayisədə 11,2 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 5,5 % azalaraq 45,831 milyon manata, balans kapitalı isə 16,4 % artaraq 182,261 milyon manata çatıb.
Xatırladaq ki, “Azərpambıq Aqrar Sənaye Kompleksi” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 132,476 milyon manatdır. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Onun tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 6 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir.