“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “Başla – gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi” layihəsini həyata keçirib.
Layihə çərçivəsində təlimlər iyun-avqust ayları ərzində ölkə üzrə 3 fərqli regionda, ümumilikdə 60-dan çox gəncin iştirakı ilə həyata keçirilmişdir. Bərdə, Goranboy və Bakıdan olan gənclər onlar üçün təşkil olunmuş 2 günlük təlim proqramında iştirak ediblər.
Layihə müddətində ilk gün gənclər tanışlıq, müxtəlif komanda quruculuğu oyunlarında iştirak edib, Qarabağ zonasında ümumi sahibkarlıq fəaliyyətlərinin, rayonlar üzrə hansı istiqamət sahibkarlığın gələcək üçün potensial inkişaf edəcəyi müzakirəsi aparılıb. İştirakçılara sahibkarlıq təlimləri əsasında biznesin planlaşdırılması, marketinq, maliyyə idarəetməsi və hüquqi aspektlər daxil olmaqla, sahibkarlığın əsasları üzrə hərtərəfli təlim keçirilib.
Layihənin ikinci günü isə gənclər dövlət tərəfindən dəstək olunan məşğulluq proqramları haqqında və onlardan istifadə imkanları haqqında məlumat alıblar. Eyni zamanda sosial sahibkarlığın inkişafı ilə bağlı azad edilmiş ərazilərdə sosial və ekoloji problemləri həll edən sosial sahibkarlıq təşəbbüslərinin inkişafını təşviq etmək və dəstəkləmək istiqamətində təlimlər həyata keçirilib.
Layihənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə gəncləri regionun iqtisadi və sosial inkişafına töhfə verən sahibkarlar və sosial sahibkar olmaq üçün dəstəkləməkdir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.