15-19 aprel 2024-cü il tarixlərində Almaniyanın Düsseldorf şəhərində metallurgiya sektorunun ən böyük sərgisi olan “Tube 2024” keçirilib. Azərbaycanı sözügedən sərgidə Qafqazın ən iri və qabaqcıl metallurgiya şirkəti “Baku Steel Company” QSC (bundan sonra – BSC) təmsil edib.
İnterpress.az bildirir ki, sərgidə dünyanın 60 ölkəsindən 2600-dən çox şirkətin öz xidmət və məhsullarını sərgilədiyi “Tube 2024”də BSC nümayəndələri təmsil etdikləri şirkətin məhsulları, həmçinin bütövlükdə Azərbaycanın metallurgiya sektoru və onun imkanları barədə məlumatlar veriblər.
Sözügedən sərgi, ilk dəfə olaraq, mühazirələr, təqdimatlar, xüsusi şoular və rəqəmsal bələdçili turlardan ibarət zəngin proqramla müşayiət olunub. Eko-metallar, hidrogen, borular, kəsmə və emal texnologiyaları, paslanmayan polad və s. kimi aktual mövzularda rəqəmsallaşma istiqamətində yeni həllərlə bağlı xəbərlər və tendensiyalar haqqında məlumat verilib.
“Tube 2024” sərgisində mütəxəssislər təmsil etdikləri şirkətlərin davamlılıq strategiyalarını təqdim etdilər, karbonsuzlaşdırma istiqamətində artıq əldə edilmiş uğurlar barədə məlumat veriblər və yaşıl transformasiyaya aparan yolları, enerji və iqlim siyasətini ziyarətçilərlə müzakirə ediblər.
Əsasən maşınqayırma, neft-qaz, kimya və tikinti sektorlarının diqqət mərkəzində olan “Tube 2024” sərgisi şəbəkələləşmə və yeni bazarlara çıxmaq üçün olduqca əhəmiyyətli bir platformadır. Belə ki, BSC-nin nümayəndələri şirkətin məhsullarının potensial alıcıları ilə yanaşı, həyata keçirilən modernizasiya layihələri çərçivəsində, dünyanın bir sıra aparıcı avadanlıq istehsalçıları ilə əməkdaşlıq qurmaq istiqamətində məhsuldar danışıqlar aparıblar.
Azərbaycanı təmsil edən şirkət olaraq, BSC-nin məhsullarının sərgiləndiyi stendə ziyarətçilər və iştirakçılar arasında böyük maraq olub. Şirkət, gələcəkdə də beynəlxalq miqyaslı tədbirlərdə iştirak edərək ölkəmizin metallurgiya potensialını dünyaya tanıtmaq və əməkdaşlıq horizontunu genişləndirmək əzmindədir.