Bu il 2 milyon 571 min şəxsə sosial dəstək göstərilibbackend

Bu il 2 milyon 571 min şəxsə sosial dəstək göstərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan COVID-19-la bağlı çoxistiqamətli dəstək tədbirləri ilə bərabər, sosial proqramlar da genişləndirilib.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Heydər Əliyev siyasi məktəbini öyrənirik – 2020” Gənc Liderlər Proqramı iştirakçılarının onlayn görüşü zamanı bildirib.

“Pandemiya dövrünün məhdudiyyətlərinə baxmayaraq, Azərbaycan COVID-19-la bağlı çoxistiqamətli dəstək tədbirləri ilə bərabər, sosial proqramları da genişləndirib. Xüsusilə də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sosial sahədə elektron texnologiyalar üzərində yaradılan innovativ yeniliklərin, proaktiv xidmətlərin bu dövrdə önəminin şahidi olduq”.

S.Babayev ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi sosial inkişaf kursunun uğurlarından bəhs edib. Müstəqil Azərbaycan dövlətinin qurulması və inkişaf yoluna çıxarılması kimi şərəfli tarixi vəzifəni yüksək səviyyədə yerinə yetirən Ulu Öndərin eyni zamanda Azərbaycanda güclü sosial siyasətin, sosial sahədə geniş miqyaslı islahatların əsaslarının formalaşması naminə misilsiz tarixi xidmətlərini diqqətə çatdırıb.

Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının nailiyyətlərini qeyd edən nazir ölkəmizdə aparılan siyasətin ana xəttinin vətəndaş rifahının təminatı olduğunu vurğulayıb. O, ötən il 4,2 milyon insanın rifahına dəstək olan inqilabi sosial paketlər, sosial ödənişlərin əhəmiyyətli dərəcədə, bir sıra istqiamətlərdə iki dəfə artırıldığı, bu il təqribən 5 milyon insanı əhatə edən sosial dəstək tədbirləri barədə məlumat verib.

Bildirilib ki, təkcə bu ilin yeddi ayında 2 milyon 571 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım olaraq 3 milyard 349 milyon manat vəsait ödənilib. Bu da ötən ilin eyni dövrünə nisbətən 26,76 faiz çoxdur. Pandemiya dövründə daha bir sosial dəstək olan birdəfəlik ödəmə proqramı kimi işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə ümumilikdə 333 milyon manat ödənilib.

S.Babayev Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsindən bəhs edib. Əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya və sairə istiqamətlərdə 132 növdə xidmətin innovativ həllərin tətbiqi üzərində “bir pəncərə”dən, şəffaf və operativ şəkildə təqdim edildiyi “DOST” mərkəzləri şəbəkəsinin genişləndirilməsi işlərini diqqətə çatdırıb.

S.Babayev gəncləri maraqlandıran sualları da cavablandırıb.

Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibəti ilə 2019-cu ildən “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının icrasına birgə start verib. Proqramın əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır.

2020-ci il üçün elan olunan proqrama 40-dan artıq rayon və şəhərdən 350-dən cox gənc müraciət edib. Hər bir iddiaçının anketi diqqətlə öyrənilib. İlkin seçimdən sonra 171 gənclə onlayn formada müsahibə aparılıb və nəticədə 115 gənc iştirakçı kimi seçilib. Onlardan proqramı uğurla başa vuranlara diplom və döş nişanı təqdim ediləcək.